Tək təsəlli...

Alovların içində “Möcüzə” doğuldu

"Ümidim də odur, sevincim də. Hər zaman birlikdə olacağıq"


Antalyanın Manavqat bölgəsində meşə yanğınları zamanı od-alovun arasında doğulan oğlağa “Möcüzə” adı verilib. “Möcüzə”nin sahibi – Manavqat sakini Sərcan Bayat, evinin, avtomobilinin, axurun... hər bir əşyasının yandığını, bəslədiyi heyvanlar arasında da tələfatın çox olduğunu deyib: “Məhəlləmiz yandıqdan 3-4 saat sonra evə döndük.  Mələmə səsi duydum. Baxdım ki, evin qarşısında, alovların arasında bir oğlağ! Yanmış torpağın üzərində bir keçi balası...

Anladım ki, bir neçə saat öncə doğulub. Qucağıma aldım. Təhlükəsiz bir yerə aparmalı idim. Hələ də inana bilmirəm. Bu, möcüzədir. Alovların 6-7 metrə yüksəldiyi yerdə necə həyata gəlib, necə sağ qala bilib?”, düşünürəm. Sərcan Bayat 30 yaşındadır.

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, S.Bayat heyvandarlıqla məşğuldur. Yanğında xeyli sayda böyük və kiçik baş heyvanı tələf olub. S.Bayat AA müxbirinə deyib ki, jandarma qrupu onlara evlərini tərk etmələrini bildirsə də, heyvanlarını buraxıb getmək istəməyib:

“Heyvanlar bizim üçün hər şeydən qiymətlidir. Onları tərk edə bilmədim. Ətrafda hər yer yanmağa başladıqda inəkləri bağladığım iplərini kəsdim, açıq əraziyə çıxardım.

Keçilərimiz də alovlardan uzaqlaşdırdım. Əllərimdə, ayaqlarımda yanıqlar əmələ gəldi. Bəzi heyvanlarımı itirdim. 29 inəkdən 12-ni xilas edə bildim. Qalanları necə oldu, hara getdilər, bilmirəm. Alovlar artdıqda məhəllədən ayrılmaq məcburiyyətində qaldıq”. S.Bayat uzaqdan evlərinin necə alovlara büründüyünü müşahidə etdiklərini deyib. “Hər şey bitdi və evimizə döndük. Yanıb kül olmuş evlərin, əşyaların, otların arasında yeni doğulmuş bu oğlağ tək təsəllimizdir. Adını “Möcüzə” qoydum. Onu yanımdan heç ayırmıram artıq. Ümidim də odur, sevincim də. Hər zaman birlikdə olacağıq”. Yanğından sonra vəziyyət kritikdir. S.Bayat bundan sonra işlərinin daha da çətin olacağını söyləyib: “Həyat bundan sonra başlayır, deyib sevinmək istəyirik, amma elektrik yox, su yox. 1200-1300  “press” samanım yandı. 4-5 ton yem, 5-6 ton buğda. Öz ərzaqlarımız da yanıb. 3 gündür ayaq üstəyəm. Biz nəyi, necə cəm edəcəyik? Nədən başlayacağıq, bilmirəm”.