"Qadın onu döyən ərin evində qalmağa məcbur olur" - Sonu da qətl

“Hərə öz mövqeyindən çıxış edib, bir səbəb gətirəcək; mentalitet, fiziki güc, patriarxat, namus və s. Doğrudur, hadisələr bir səbəbdən baş vermir, bir hadisəni formalaşdıran müxtəlif səbəblər olur”.

 Bu sözləri son vaxtlar kütləviləşən qadın cinayətləri barədə “Sherg.az”a danışan sosioloq Sahib Altay dedi. 

S.Altayın fikrincə, bu, daha çox maddi problemlərlə əlaqədardır: “Mən "qadına baxış tərzi" kimi önəmli səbəbi gözardı etmirəm. Ümumilikdə bütün məsələlərin kökündə müxtəlif səbəblər var və bu, sosial, psixoloji, mənəvi, iqtisadi, siyasi amillər bir-birilə zəncirvari bağlıdır. Sosial diskriminasiya da dünya üzrə köklü problemlərdəndir. Bu problemin ayrı-ayrı toplumlarda psixoloji gərginlik yaradıb, kütləvi cinayətkarlıq səviyyəsinə qədər yüksəlməsi isə artıq problemin zirvəsi hesab edilir.  Ancaq bu məsələnin kökündə dayanan əsas səbəb iqtisadi faktordur.

Azərbaycanlı ailəsində övlad valideyndən, qadın kişidən asılıdır. Hamının bir-birindən asılı olduğu mühitdə kölə təfəkkürünün hökm sürməsi labüddür. Bu gün ölkədəki maddi durum və işləmək şansı təkcə qadınlar üçün imkansız deyil. Cinsiyyət fərqi olmadan qadınlı-kişili hər kəs üçün belədir. Əksinə, qadınların işləmək şansı daha çoxdur. Fəqət, ölkədə insan əməyi o qədər dəyərsiz, iş sahələri o qədər məhduddur ki, bu durum böyük cinayətlərin yaranmasına səbəb olur, üstəlik, asılılığı çoxaldır”. 

Sosioloq, həmçinin iqtisadi faktorların bəzən qadınları asılı hala saldığını nəzərə çatdırdı:

“Adətən problemləri boşanmaların fonunda araşdırırlar. Lakin ölkə üzrə statistika aparsaq, hazırda məcburiyyətdən bir evin içərisində yaşayan o qədər adam, o qədər ailə var ki… Münaqişələrin ən pik həddində belə çox vaxt qadınlar boşana bilmir. Niyə? Maddi səbəbdən. Boşanıb, hara getsin? Bəzi vaxtlarda ata evi qəbul etmir. Qəbul edəndə də maddi sıxıntılar. Ata, qardaş birtəhər başını dolandırır, üzərinə bir də boşanmış qız və onun övladları gələndə alınan məvacib, pensiya tələbatları ödəmir. Və qadın bunları düşünür, bir çıxış yolu tapa bilmir, məcburiyyətdən, onu döyən, söyən ərin evində qalmağa məcbur olur, sonu da qətl, cinayət, faciəylə nəticələnir...”.