Vaxtilə çox dedik, az eşitdilər

Artıq mənəvi dəyərlər sisteminin çöküşünün qarşısını almaq mümkün deyil

"Ailə institutumuz dağılır, uşaq tərbiyəsi tamamilə buraxılıb"


Azərbaycanın min illərlə davam edən adət-ənənələri, ictimai qaydaları və yazılmamış qanunları var. Son dövrlərdə cəmiyyət yenilik arxasınca yola çıxaraq yaşam tərzinə yeni abı-hava qatmaq istəyir. Bunu çox zaman “müasirlik” adlandırırlar. Son illər əsasən cəmiyyətin gənc hissəsinin “avropalaşmaq” istəyi min illərin köklü dəyərlərinə zidd ab-hava qatmaqdadır. Bu tendensiyanın nəticələri özünü bir çox ciddi problemlərin yaranmasına və ya kəskin artmasında büruzə verir. Konkret desək, milli-mənəvi dəyərlərimiz itirilir, ailə institutumuz dağılır. 

Mövzu ətrafında fikirlərini  "Şərq"lə bölüşən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı min illərdir yaşatdığımız mənəvi dəyərlər sisteminin çökdüyünü deyib:

 "Çox təəssüf ki, cəmiyyətimizdə mənəvi deqradasiya gedir, bunu etiraf etməliyik, özümüzü aldatmağın mənası yoxdur. Mənəvi dəyərlər sistemi çökür, ailə institutumuz dağılır, uşaq tərbiyəsi tamamilə buraxılıb. Bu barədə çox danışmışıq, hesab edirəm ki, daha bunun mənası, faydası yoxdur. Qloballaşma və Qərb dəyərlərinə zorakı inteqrasiya bu vəziyyətə gətirib çıxarıb. Gender bərabərliyi problemi Azərbaycanda yoxdur". 

E.Bayramlı  ailədaxili zorakılığa gəldikdə, bunun çox sayda səbəblərinin olduğunu bildirib:

 "Mənəvi deqradasiyadan, psixoloji vəziyyətdən tutmuş sosial problemlərədək bir çox səbəbləri var. Geni dəyişdirilən qidalardan tutmuş narkotiklərə qədər. Qadın-kişi münasibətləri artıq əksər hallarda mənəvi yox, maddi dəyərlər üzərində qurulur. Bundan da yaxşı heç nə gözləmək olmaz. Tendensiya artım tempi ilə davam edir. Boşanmaların, ailədaxili zorakılığın, zorlamaların, abortların, hər cür mənəvi pozğunluq hallarının davamlı artmasını hətta rəsmi statistika da təsdiq edir. Dəqiq əminəm ki, bu problemləri həll edə bilməyəcəyik, vəziyyət getdikcə daha da ağırlaşacaq. Vaxtında bu günlərə gəlib çıxacağımızı çox dedik, az eşitdilər. Artıq demək olar ki, gecdir".