Sülh masasına oturmağın zamanıdır

Geriyə yol yoxdur, Ermənistan şərtlərimizi qəbul edəcək

"İrəvan hökuməti son şansını düzgün dəyərləndirməlidir. Çünki növbəti səhvi erməni xalqı bağışlamayacaq"

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nazirlər Kabinetinin iclası zamanı deyib. O əlavə edib ki, Ermənistan işçi qrupun bütün təkliflərini müzakirə etməyə hazırdır. Bu arada Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da deyib ki, Ermənistandan bəzi müsbət siqnallar alınır. Vurğulayıb ki, Türkiyənin gözləntisi bölgədə sabitliyin bərqərar olmasıdır: 

“Türkiyənin təkliflərinə Ermənistandan bəzi müsbət siqnallar olur”. Nazir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı regionda sabitliyin olmasına diqqət çəkib: “Hazırkı vəziyyətdə hər kəsin masaya oturması, sabitliyin və insanların etimad və rifah içərisində yaşamasının təmin edilməsi vacibdir. Biz Türkiyə dövləti olaraq hər məsələdə olduğu kimi bu məsələdə də son dərəcə konstruktiv, dialoqa açıq və məntiqli həll yollarını ortaya qoyuruq”. 

Ermənistana edilən sülh çağırışlarını və İrəvandan alınan müsbət siqnalları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Niftiyev deyib ki, əgər Paşinyan hökuməti sərhədlərin müəyyənləşməsi ilə bağlı səsləndirilən fikirlərdə səmimi olarsa, bunu yalnız təqdir edə bilərik. Ekspertə görə, görünür, Ermənistan rəhbərliyi nəhayət dərk edir ki, apardığı siyasət bu ölkəni bütün iqtisadi layihələrdən kənar qoyub və dalana dirəyib: 

“Azərbaycan tərəfi bütün güzəştlərdən istifadə edib, daim humanist addımlar atıb. Hətta müharibə zamanı belə tamamilə üstün vəziyyədə olan Azərbaycan Ordusu Xankəndinin bir addımlığında olmasına baxmayaraq, Ermənistanın təslim olmasından sonra savaşı dayandırdı. Müharibənin gedişatında demək olar ki, hər gün dövlət başçısı cənab İlham Əliyev Ermənistanı haqqa dəvət edir, torpaqlarımızı boşaldacağı təqdirdə orduya “dur” əmri verəcəyini bəyan edirdi. Əfsuslar olsun ki, erməni rəhbərliyi mənasız yerə dirənməkdə davam etdi və xeyli itkilər verdi. Düşmən ağır və faciəli fəsadlarla üzləşdi. İnanmıram ki, bir il ərzində Ermənistan aldığı dərsi unudub. Ermənistan ordusu və iqtisadiyyatı çökmüş durumdadır. İrəvanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdır. Əslində ermənilərin geriyə yolu yoxdur və mütləq şəkildə şərtlərimizi qəbul etməlidirlər. Ümid edək ki, Paşinyan çağırışları sağlam düşüncə ilə dəyərləndirsin və Ermənistanın özü üçün faydalı olan şərtləri qeyd-şərtsiz qəbul etsin.

İrəvan hökuməti son şansını düzgün dəyərləndirməlidir. Çünki növbəti səhvi erməni xalqı bağışlamayacaq”.