Ana uşağını ayının qəfəsinə atdı


Dəhşətli anlar kameralarda əks olunub

   Özbəkistanın paytaxtı Daşkənddəki zooparkda yaşananlara şahidlik edənlər  dəhşətə gəlib. Zooparkı ziyarət edənlər arasında bir qadın körpə uşağı ayının qəfəsinə atıb.  “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, müdhiş hadisə müşahidə kameraları ilə qeydə alınıb.

Ziyarətçilər “Zuzu” adlı ayını izləyən zaman aralarından bir qadın əvvəlcə körpəni dəmir məhəccərin üzərinə qaldırıb, bir qədər sonra isə uşağı itələyərək aşağı - ayının sərbəst dolaşdığı meydançaya  “tullayıb”. Görənlər heyrət içində, çaşqın vəziyyətdə, nə edəcəklərini bilməyiblər. 

Boz ayı yerə çırpılmış uşağa yaxınlaşıb, onu qoxulayıb, sonra isə uzaqlaşıb. Heyvanlara nəzarət edən şəxs cəld qəfəsə daxil olaraq ayını kənara çəkib, təhlükəsizlik xidməti əməkdaşları isə həmin dəqiqələrdə  uşağı xilas edib. Qadının körpənin anası olduğu müəyyənləşib. Onun hansı səbəbdən belə qəddarlığa əl atması isə istintaq zamanı müəyyənləşəcək. 

Qadının uşağı qəsdən qəfəsə atdığı təsdiqlənərsə, onu 15 il həbs cəzası gözləyir. 3 yaşlı körpə xəstəxanaya aparılıb. Körpə yüksəklikdən atıldığı üçün beyin travması keçirib, bədənində müxtəlif zədələr var. Hazırda körpə xəstəxanada həkim nəzarəti altındadır.