Manyak adam ömürlük həbs olunmalıdır

Belə insanları ictimai mühitə buraxmaq risklidir
"Cəmiyyətdə mümkün qədər çox, lazımi klinik psixoloji testlər aparılmalıdır"

Xəbər verdiyimiz kimi, Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, 31 yanvar 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Azyaşlının quyuya atılıb, üzərinə torpaq tökülərək qətlə yetirildiyi müəyyən edilib. 
Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb. 
Məlum olub ki, qonşuluqda yaşayan M.Mansurov uşağı müxtəlif vaxtlarda döyüb. Öldüyünü görən həmin şəxs onu quyuya ataraq üzərinə torpaq töküb. 

M.Mansurov ilkin ifadəsində hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törətdiyini bildirib. Uşağın atası qızını qonşuda yaşayan ailəyə verib getdikdən sonra həmin gün geri qayıtmayıb. Sürücü işləyən M.Mansurov həmin gecə qeyri-rəsmi nikah münasibətində ər-arvad kimi yaşadığı qadınla birgə gecə saatlarında uşağın ağladığını görüb. Yuxusu pozulan şəxs azyaşlını sakitləşdirə bilmədiyi üçün ona zərbələr endirib. Məryəmin öldüyünü görən M.Mansurov onun meyitini götürərək həyətə çıxıb. Dərinliyi 10 metrə yaxın olan quyuya atıb.

Azyaşlının atası yanvarın 23-ü övladını götürmək üçün qonşuya gəldikdə onun yoxa çıxdığını görərək polisə məlumat verib. Yanvarın 31-də Məryəmin öldüyü, qonşuluqda yaşayan Mehman Mansurovun meyiti quyuya ataraq üstünə qum və mişar daşlarını tökdüyü məlum olub. FHN xilasedicilərinin köməkliyi ilə meyit quyudan çıxarılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Psixoloq Elmir Əkbər "Şərq"ə açıqlamasında bildirib ki, bu, böyük bir faciədir:

 "Sual yaranır ki, bəs bədbəxtliyin səbəbkarları kimlərdir? Bəzən uşağı məcbur anadan alırlar. Atalar həyat yoldaşlarından boşandıqdan sonra uşağa baxa bilmirlər. Övladı kiminsə acığına kimdənsə almaqla məsələ həll olmur. İlk növbədə ona baxılacaq şərait nəzərə alınmalıdır. Məsələn, bu elə bu hadisədən nümunə götürək: Bu uşaq niyə o yad kişinin yanında idi? Yad birisi niyə ona dayəlik etməli idi? Bunun məsuliyyəti əvvəla atanın üzərindədir. Həyatın reallıqları var. İmkanı, pulunun olmamağı valideynə bəraət ola bilməz. Atanın imkansızlığı uşağın günahı deyildi. Onun bədəlini uşaq ödəməməlidir. Bəzən "atacıqlar" aliment ödəməkdən yayınmaq üçün uşağı anadan ayırırlar. Elə valideynlər bu hadisədən dərs götürməlidirlər. Uşağa lazımlı baxımı təmin edə biləcəklərini nəzərdə saxlamalıdırlar. Bəzən ananın uşağı istəməməsi kimi situasiyalar da yarana bilir. Onu uşağı dünyaya gətirməzdən əvvəl düşünməli idilər. İnsan ayağını yorğanına görə uzatmalıdır". 

E.Əkbər diqqətə çatdırıb ki, cəmiyyətdə mümkün qədər çox, lazımi klinik psixoloji testlər aparılmalıdır:

"Yoxlamalar vasitəsilə insanların psixi durumları müəyyən edilər. Belə cinayətkarlar dünyanın hər yerində ola bilər. İnsan toplusu da övladlarının manyak qurbanına çevrilməməsinə çalışmalıdır. Cavabdehlik yenə də valideynlərin üzərinə düşür. Manyaka nə etmək olar? Demək olmaz ki, onu öldürsünlər. Amma o adam ömürlük həbs cəzasına məhkum olmalıdır. Çünki belə insanı ictimai mühitə buraxmaq riskdir. Belə manyak, psixopat, pedofil, sosiopatların beyni əzəldən elə quruluşdadır ki, onlar islah oluna biləcək qabiliyyətə malik deyillər. 

Çünki həbsxana islah cəzaçəkmə müəssisəsi olmalıdır. Ona görə də o, birdəfəlik cəmiyyətdən təcrid olunmalıdır. Cəmiyyətdə böyük bir psixoloji boşluqlar var. Psixoloji xidmət sıfır səviyyəsindədir. Dünyada hər sahədə inkişaf var. Sərbəst psixonalitik, loqoterapevtik ixtisasları yarandığı halda, Azərbaycanda həkim-psixoterapevt ixtisası təxminən 2005-ci ildə ləğv olunub. Baxmayaraq ki, tibbin digər sahələrində fakt budur ki, inkişaf var. Amma nəyə görə həkim-terapevt ixtisası ləğv olunub? Nəticə etibarilə belə hadisələrin yaranmasına səbəblərdən biri də məhz tibbi klinik psixoloji və psixoterapevtik xidmətin olmamasıdır".

Müsahibimiz bağçaların da orta məktəb kimi məcburi tədrisinə keçməsinin labüd olduğunu vurğulayıb:

"Hər bir ailə övladını bağçaya aparmalıdır. Çünki şəxsiyyətin yetişməsi üçün vacib şərtlərdəndir. Hadisənin "qəhrəmanına" sual vermək lazımdır ki, dayə tutmağa imkanı yox idisə, bağçaya niyə qoymurdu? Ona görə ki, o da canidir. Bu səbəbdən hadisənin məsuliyyət daşıyanı kimi ata da cəzalandırılmalıdır. Dəfələrlə ailəsi səbəbindən intihara vadar qalan yeniyetmələrin ataları övladının ölümü yox, öz canını həbsdən xilas etmək haqqında düşünürlər. Təəssüf ki, belə "valideynlər" barədə atalar yaxşı deyib ki, su meymunun boğazına çıxanda balasını ayağının altına qoyur".

Psixoloq Elnur Rüstəmov isə qeyd edib ki, cinayətkarın cinayəti törətmə formasına görə, şəxsdə antisosial şəxsiyyət pozuntusu müşahidə olunur:

"Həmin şəxslərdə emosional laqeydlik, empatiya əskikliyi olduğu üçün onlar qıcıqlanaraq cinayətə əl ata bilərlər. Adətən antisosial şəxsiyyət pozuntusu olan insanlar uşaqlıq dövründə davranış pozuntusu yaşayırlar. Bu əlamətlər 15 yaşından özünü daha qabarıq göstərməyə başlayır. Bundan başqa, zərərli vərdişlərə meyil, psixoaktiv maddələrin istifadəsi, cinayət tərkibli hallarla nəticələnir".

E.Rüstəmovun sözlərinə görə, elə adamlar uşaqlıq dövründə törətdiyi cinayətə uyğun zorakılıqlardan ən azı birinə məruz qalmış olur:

"Həmin dövrdə edilən zorakılıqlar insanın mentalitetində bəzi anormallıqlara şərait yaradır. Onların düşüncə və mühakimə sistemləri düzgün işləmir. Səhv qiymətləndirmələr nəticəsində nəzarətsiz aqressiv bir quruluşa malik olurlar. Cinsi məmnuniyyət üçün öldürən (zorlama və s.) silsilə qatillərin strukturları təhlil edildikdə, həmin insanların uşaqlıq illərində baxımsızlıq tərzindən başqa digər zorakılıq növlərinə də məruz qaldıqları görülür. Qatillərin 50 faizinin uşaqlıqda psixoloji, 36 faizinin fiziki, 26 faizinin isə cinsi istismara uğradığı müəyyən edilib".

Psixoloq Fərqanə Mehmanqızı da əlavə edib ki, insanın bir şəxsi öldürməsi şizofreniya, manyaklığın əlamətidir:

 "Psixoloji durumu yerində olan insan bu addımı ata bilməz. Bir cana qıya bilən insanın ciddi bir psixoloji pozuntusu olmalıdır".