Tabutdan səs eşidildi


Qadın diri çıxdı, sonra öldü

   Tabuta qoyularaq basdırılan insanların dirilməsi tez-tez olmasa da, hər halda rast gəlinən hallardır. Oxşar hadisə Cənubi Amerika ölkəsi Peruda yaşanıb. Perunun Lambayeque şəhərinin sakini, 36 yaşlı Rosa İsabel Cespedes Callaca avtomobil qəzası keçirib. Qəzada Rosa və qaynı ağır xəsarət alaraq vəfat ediblər. Cənazə mərasimi üçün hazırlıqlara başlanılıb. Ailələri, dostları onları son mənzilə yola salmaq üçün toplaşıb. 

Tabutun ətrafında dayananlar qəribə səslər eşitməyə başlayıb. Əvvəlcə bunun qarabasma olduğunu zənn ediblər. Amma səs getdikcə güclənib. “Kimsə” tabutun içini döyəcləyir”, deyə səsə qulaq verənlər ağılalmaz nəsə baş verdiyini nəhayət dərk ediblər. Tabutu yerə qoyublar. Və qapağını qaldırıblar. Nə görsələr yaxşıdı? Rosa gözü açıq baxır! Polisə zəng ediblər. Rosa təcili xəstəxanaya çatdırılıb.

 “Ölünü” müayinə edən həkimlər zəif həyat əlamətləri olduğunu deyib.  Şübhəsiz, qadın uzun müddət ağzı bağlı tabutda qalmaqdan boğulurmuş. Bəlkə də son gücünü toplayaraq tabuta vururmuş ki, ölmədiyini anlasınlar. Amma onun səsi gec eşidilib. Qadın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir neçə saat sonra, bu dəfə həqiqətən vəfat edib. Rosanı iki dəfə itirən ailəsi, birinci dəfə ölüm haqqında rəyin hansı əsasla verildiyini öyrənmək istəyir və bu məqsədlə də məhkəməyə müraciət edib.