Armaturların böyük əksəriyyəti təkrar emal olunan metallardan düzəldilib
“Allah uzaq eləsin, Azərbaycanda 7.7 bal gücündə zəlzələ baş versə, "Həzi Aslanov", "Neftçilər" metro stansiyası yaxınlığındakı binalar və Yasamalın yarısı yoxa çıxacaq”. Bu sözləri iqtisadçı-ekspert Asif İbrahimov “Şərq”ə açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, sözügedən ərazilərdə inşaat fəaliyyətləri aparılarkən texnoloji proseslərə, şəhərin Baş planına, Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə, TNTQ-lərə, AzDTN-lərə, ara məsafələri haqqında müfəssəl qaydalara və bir çox normativ aktların tələblərinə riayət olunmayıb: “Çox ciddi pozuntular var.
Dəmir-beton konstruksiyada istifadə olunan armaturların böyük əksəriyyəti Bakıda istehsal olunan, yəni təkrar emal olunan metallardan düzəldilib. Sovet dövründə Azərbaycan və Gürcüstanda istehsal olunan armaturların yükdaşıyıcılarda, əsas konstruksiyalarda istifadə edilməsinə icazə verilmirdi.
Çünki bu materiallar xammaldan yox, yenidən emal edilən materiallardan əldə olunurdu. 2008-2012 ci illərdə Həzi Aslanov metro stansiyası yaxınlığında tikilən binalarda layihə üzrə istifadə edilmə beton 450 olduğu halda beton maşınları 10 saat - 12 saat gözlədilir və betonun mikserdə qurumaması üçün daimi olaraq su əlavə edilirdi. Daha sonra isə 10 saatdan sonra növbə çatanda həmin betonu döşəməyə və sütunlara vururdular.
Qeyd etdiyim məsələləri nəzərə alaraq, aidiyyəti dövlət qurumlarından xahişim odur ki, 2000-ci ilin əvvəllərindən bu günə qədər tikilmiş yeni binaların vəziyyəti ilə bağlı monitorinq aparsınlar. Xüsusilə də yuxarıda sadaladığım ərazilərdə tikilmiş yeni binalarda”.