Türkiyənin 10 vilayətində baş verən dəhşətli zəlzələdən sonra Hatayda daha iki güclü zəlzələ qeydə alınıb. Mərkəzi Dəfnədə olan 6,4 bal gücündə zəlzələdən sonra Samandağda 5,8 bal gücündə zəlzələ baş verib. 3 dəqiqəlik fasilələrlə baş verən zəlzələlər bir çox şəhərlərdə hiss olunub. On minlərlə insanın həyatını itirdiyi zəlzələ fəlakətinin yaralarını sarımağa çalışdığımız bu günlərdə türkiyəli alim, professor Cəlal Şengör son dərəcə diqqət çəkən açıqlama yayıb.
"Sherg.az" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbulda ola biləcək zəlzələ ilə bağlı xəbərdarlıqlarını təkrarlayan Şengör deyib ki, Yeşilköy və Tuzlada intensivlik 9-a yüksələcək:
"Zəlzələ 9 bal gücündə olmasa da, intensivlik 9 olaraq hiss olunacaq. Biz zəlzələnin gücü üçün ən az 7 bal proqnozlaşdırırıq". Professorun sözlərinə görə, Yeşilköyün zəmini yaxşı deyil, tamamilə dağılacaq. Adalardakı evlər möhkəmdir, amma fay xətti burnumuzun dibindədir. Adalarda sunami təhlükəsi yoxdur, amma zəlzələnin təsirindən möhkəm yellənəcək. Yeni tikilən hava limanı da təhlükəli yerdədir. Bağçalı evlər də sağlam deyil”.
İstanbul zəlzələsinin 2 dəqiqə davam edəcəyini vurğulayan Şengör əlavə olaraq deyib ki, Beykoz, Anadolu Hisarı və Bebek möhkəm yerlərdir, Beşiktaşa isə heç bir zəmanət verməyib:
"Nişantaşı da zəlzələdən çox ziyan görəcək. Topkapı Sarayı İstanbulda çox təhlükəli bir yerdədir. Vətəndaşlara sahil bölgəsindən uzaq durmağı tövsiyə edirəm. Xüsusən də, İstanbuldakı çimərliklərdən. Zəlzələ nəticəsində dəniz səviyyəsinin qalxması, hətta sunami ehtimalı var".