264 saat yatmadı

Son sözləri hamını şoka saldı

  İki dost “yuxusuzluq təcrübəsi” keçirmək qərarına gəlib. Püşk atıblar – kim oyaq qalacaq, kim baş verənləri qeydə alacaq. Yuxusuzluğun 11-ci günü mənzərə tamamilə dəyişib. 

Bütün dünyanın anbaan təqib etdiyi ağlasığmaz hadisə barədə “Milliyet.com” material dərc edib. 1963-cü ildə ABŞ-də baş vermiş bu nadir hadisə yuxusuzluqla bağlı bütün gerçəkləri ortaya çıxarıb. 

17 yaşlı Randi Qardner sinif yoldaşı Brus Makallisterlə yuxusuzluğu təcrübədən keçirmək qərarına gəliblər. Püşkatmada oyaq qalmaq Randiyə qismət olub. 

Sinif yoldaşı isə baş verənləri izləyib. Randi 264.4 saat ərzində heç yatmayıb, oyaq qalaraq dünyada ən uzun müddət yuxusuz qalmaq rekorduna imza atıb. Yeniyetmələrin istəyi uzun müddət yuxusuz qalmağın nələrə səbəb ola biləcəyini öyrənmək idi. İlk 2 gündə Randinin başı hərlənib və dili dolaşıb. Getdikcə diqqəti dağılmağa başlayan gəncin vəziyyəti ağırlaşıb. Onda qarabasmalar başlayıb. Əsəbi hala gəlib. 

Ən sadə məsələlərə görə əsəbiləşib, özünü idarə etmədə çətinlik çəkib. Qardner adətən asanlıqla söylədiyi sözləri deyə bilməyib. 72 saatdan sonra düşünmə qabiliyyətini itirib və artıq heç bir şeyə reaksiya verə bilməyib. Qardner, yatmamaq üçün ən müxtəlif vasitələrə əl atıb. Bolinq və basketbol oynayıb, özünü nəyləsə məşğul etmək istəyib, lakin artıq bunları bacarmayıb. Yuxusuzluğun 8-ci günündə həyat funksiyalarını yerinə yetirməyəcək hala gəlib. 

Yemək qəbul edə bilməyib, yaddaş pozuntuları yaşayıb. R.Qardner təcrübənin son günündə mətbuat konfransında bu sözləri deyib: “Yuxusuz qaldığınızda nələrin baş verə biləcəyini isbatlamaq istədim. Bu rekorda imza atacağımı və bunun mənfi təcrübə olmayacağını düşündüm”. 

R.Qardner, 11 gün yuxusuz qaldıqdan sonra 1 gecə rahat yatıb və həyat funksiyaları bərpa olunub. Mütəxəssislərsə uzun müddət yuxusuz qalmağı orqanizm üçün çox təhlükəli hesab edir, normal yuxunun insan sağlamlığı üçün əvəzsiz olduğunu bildirir.