Günahsız zənci güllələnib

Yad qapını döydü, başından vuruldu

  ABŞ-də səhv ünvana gedən zənci yeniyetmə ev sahibi tərəfindən güllələnib. “Şərq” “TRT Haber”ə istinadən bildirir ki, hadisə Kansas Sitidə baş verib. 16 yaşlı Ralf Yarl valideynlərinin tapşırığı ilə bacı-qardaşlarının ardınca bir ünvana getməli olub. Lakin o, ünvanı səhv salaraq başqa qapının zəngini çalıb. Qapıya çıxan ev sahibi qarşısında zəncini görüncə silaha əl atıb və yeniyetməyə 2 dəfə atəş açıb. Yeniyetmə başından ağır yaralanıb. Onu xəstəxanaya aparıblar. Zənci yeniyetmənin vurulması bölgədə etirazlara səbəb olub.

Kansas Siti və Missuri ştatında etiraz aksiyaları alovlanıb. Etirazlara səbəb yeniyetmə zəncinin bəyaz birisi tərəfindən heç bir günahı olmadan vurulmasıdır. Zənciyə atəş açan 84 yaşlı Endryu Lester polis tərəfindən saxlanılıb, lakin sonra sərbəst buraxılıb. Bölgədəki etiraz aksiyalarının şiddətindən ehtiyat edən polis şöbəsi 84 yaşlı qocanı təkrar həbs edib və ona qarşı silahlı hücum maddəsiylə cinayət işi açılıb. Yeniyetmənin atası Raul Yarl “Kansas City Star”a  açıqlamasında oğlunun xəstəxanadan evə buraxıldığını, səhhətinin yaxşılaşdığını deyib. 

Açılmış cinayət işində zərərçəkmiş tərəfin hüquqlarını tanınmış vəkil, insan haqları müdafiəçiləri Ben Crump və Lee Merritt müdafiə edəcək. Hüquq müdafiəçiləri şübhəli şəxsin bir müddət sərbəst buraxılmasını artıq pisləyib və yerli hökuməti tənqid ediblər. 

B.Crump “birisi qapınızı döyürsə, bu, onun vurulması üçün heç bir əsas ola bilməz. Yeniyetməyə silahlı hücum etmiş adam mütləq cəzalanmalıdır. Yoxsa insanlar qapıları döyməkdən çəkinəcək”.