Tabutun içində “gülən ölü” 

Dəfnindən sonra qadın daha 40 il yaşadı

  ABŞ-nin Cənubi Karolina ştatında anadan olan Essie Dunbar möcüzəli həyat hekayəsinə malik qadındır. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, 1858-ci il təvəllüdlü Essie Afrika Metodist Yepiskopluq Kilsəsinin fəal üzvü olub. Bir fermerlə ailə quran Essienin 7 övladı dünyaya gəlib. Qadın özü də sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O zamanlar  ABŞ-də irqçilik və cinsi ayrı-seçkiliyin yayqın dövrləri olsa da, Essie bu əngəlləri aşa bilib və uğurlu karyera qurub.  Essie həm də epilepsiya xəstəliyindən əziyyət çəkib. Buna rəğmən çalışqanlığı azalmayıb, çoxlarına örnək olacaq fəaliyyətlərə imza ata bilib. 30 yaşında olarkən Essie növbəti epilepsiya krizi keçirib. Çağırışa gələn həkim qadının nəbzinin vurmadığını, nəfəs almadığını müəyyən edərək onun vəfat etdiyini söyləyib. Həkimin rəyindən sonra Essie üçün cənazə mərasimi düzənlənib. Lakin bacısı Essienin üzünü görmək istədiyini, onunla son dəfə vidalaşmaq istədiyini deyərək tabutun açılmasını xahiş edib. Bacısının xahişiylə tabut açılıb. Tabut açıldığında görənlər dəhşətə gəlib: Essie Dunbar tabutda uzanmış vəziyyətdə onlara baxıb gülürdü!  Dəfnə toplaşanlar nə baş verdiyini anlamaqda çətinlik çəkib. Essie sağ imiş və onu diri-diri torpağa basdırırlarmış. Bacısı bir az gec gəlsəydi, qadın tabutun içində havasızlıqdan öləcəkdi. Qəsəbə sakinləri bu hadisədən qəzəblənib və salamat adamın niyə dəfn edildiyini yerli orqanlardan sorğulamağa başlayıblar. Bələdiyyə başqanı hadisənin araşdırılmasına tapşırıq verib. Məzarlıqda çalışanlar da dəyişdirilib. Amma Essienin qəbirdən sağ çıxması başqa söz-söhbətlərə, şayiələrə də səbəb olub. Bəziləri qadının əslində bir ruh olduğunu iddia edərək, onun öldüyünə, ruhunda dolaşdığına inanmağa başlayıblar. Essie Dunbara şübhəylə baxanlar, ondan qorxub çəkinənlər, onu zombi zənn edənlər də olub. Essie isə həyata təkrar döndükdən sonra fəaliyyətini daha da gücləndirib. Kilsə tərəfindən Essieyə mütəmadi olaraq qida, ərzaq, geyim göndərilib. Ştatın sayılıb-seçilən şəxsləri onunla görüşməyə can atıb. Essienin şöhrəti getdikcə yayılıb. Bu hadisə Cənubi Karolinada dəfn məsələlərində qaydaların dəyişməsinə də gətirib çıxarıb. Yeni qaydalara görə, dəfn mərasimi insanın vəfatı barədə yalnız bütün sənədlər təqdim edildikdən sonra gerçəkləşə bilər. Bu hadisədən sonra Essie daha 40 il yaşayıb.  97 yaşında həqiqətən vəfat edən Essie ömrünün sonuna qədər Qaradərililərin İnkişafı üçün Beynəlxalq Birliyin fəal üzvü olub, irqçiliyə qarşı mübarizə aparıb.