8 metr yarımlıq məzar

Sahibi məzardan qalxıb döyüşə gedib

  Türkiyənin Sivas bölgəsində qəribə məzar aşkarlanıb. Məzarın böyüklüyünün görənləri heyrətə gətirməsi bir yana, haqqında rəvayətlər də dolaşmağa başlayıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, məzar Sivasın Şarkışla əyalətinin Dikili kəndində aşkarlanıb. 8 metr yarım uzunluqdakı nəhəng məzarın vaxtilə o ərazilərdə yaşamış Şeyx Ziya baba adlı məşhur bir şəxsə aid olduğu güman edilir.

Kəndə gəlib məzarı ziyarət edənlər dəqiqləşdirmə məqsədilə ölçür, qeydlər aparırlar. Kənd sakinləri Şeyx Ziya Baba haqqında rəvayətlərə inanır. 

Rəvayətlərdə Türkiyənin Kıbrıs müstəqilliyi uğrunda apardığı mübarizə zamanı Şeyx Ziya Babanın məzarından qalxaraq döyüşə getdiyi, zaman-zaman yenə geri dönüb namaz qılmaq üçün yaxınlıqdakı bulaqda abdəst aldığı və məzarının yanında namaz qıldığı söylənilir. Kənd sakini Haqqı Koç bu barədə kənd ağsaqqallarından eşitdiklərini deyib: “Yaşlı dədəm vardı. Danışırdı ki, bu məzarda uyuyan adam, qəbirdən qalxıb Kıbrıs savaşına gedib. Şeyx Ziya Babagil 7 qardaş olublar. Hamısının da məzarı bir-birilərini görəcək məsafədə qazılıb. Dədəm danışırdı ki, gecə sürahını su ilə doldurub, səhər qalxanda görüb ki, sürahı boşdu, içində su qalmayıb. Şeyx Ziya Babanın səhər ertədən sürahinin suyu ilə abdəst alıb namaz qıldığını görənlər olub. Bu məzarın uzunluğu 8 metr yarımdır. Görənlər səbəbini soruşur, amma biz də bilmirik”.