Uşaqlar sağdır? - İzlər 17 gün sonra tapıldı

  Amazondakı təyyarə qəzasında itkin düşmüş uşaqların 17 gün sonra izinə düşülüb. Bu barədə Kolumbiya dövlət başçısı Gustavo Petro xalqa məlumat verib. Lakin ordu rəsmilərindən fərqli açıqlama gəlib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, salonunda azyaşlı 4 uşağın da olduğu kiçik təyyarə Amazon meşəliyində qəzaya uğradıqdan sonra itkinlərin axtarışlarına başlanılıb. Kolumbiya ordusu əsgərlərinin, həmçinin könüllülərin də qoşulduğu  axtarışlar uzun müddət bir nəticə verməyib. Bu günlərdə isə axtarış-xilasetmə qrupu yetişkin 3 nəfərin cəsədini aşkarlayıb. 11 aylıq, 4, 9 və 14 yaşlarında 4 uşağın tapılması üçünsə axtarışlar davam edir. 

Uşaqların tapılması xəbərini xalqa çatdıran Kolumbiya Prezidenti G.Petronun açıqlamasını isə axtarışlarda iştirak edən ordu mənsubları təkzib edib. Məlumatlarda uşaqların sadəcə izinə düşüldüyü bildirilib. Amazon meşələri yüksək ağaclar, sıx kollardan ibarətdir. Belə şəraitdə itkinlərin tapılması çox çətindir. Bununla belə axtarış qrupu bəzi nişanələr tapa bilib. Aşkarlanmış cəsədlərin yaxınlığında yeyilmiş meyvə qalıqları, daldalanmaq ağac yarpaqları ilə örtülü kiçik sığınacaq və bir əmzik də təsbit edilib. Yerli xalq isə meşədəkilərə səslənərək dərinliklərə doğru hərəkət etməmək, olduqları yerdə qalmaq mesajı verib.