Arazdəyəndə metallurgiya zavodu  - EKOLOJİ TERROR

Ermənistanın terrorçu mahiyyəti dəyişməyib

Arazdəyəndə metallurgiya zavodunun tikintisi ekoloji fəlakət deməkdir

Ermənistanın ABŞ kimi bir gücü arxasına alıb bu zərərli işi gerçəkləşdirməsi düşmənçilik siyasətindən qaynaqlanır


  Ermənistan tərəfi Naxçıvanla şərti sərhəddə, Arazdəyəndə metallurgiya zavodunda öz bayraqları ilə yanaşı, ABŞ bayraqları da qaldırıblar. Azərbaycanın mövqeləri zavoddan bir neçə yüz metr aralıdadır. Ermənistan hərbçiləri son günlərdə mütəmadi olaraq zavodun ərazisindən Azərbaycanın mövqelərini hədəfə alır. Ermənilərin bu addımı ABŞ-ni Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda Arazdəyən Azərbaycana qaytarılmalı olan anklav kəndi Kərkiyə gedən yolun üzərində yerləşir. 
  Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib ki, onsuz da Ermənistanın zəhərli tullantıları Araz çayına axıdılaraq Azərbaycanı zəhərləyir. Alimin sözlərinə görə, Ermənistanın indi də ABŞ kimi bir gücü arxasına alıb bu zərərli işi gerçəkləşdirmək istəməsi bu dövlətin düşmənçilik istəyindən qaynaqlanır: "Ermənistanın Arazdəyəndə zavod inşa etmə qərarı və onun tullantılarının Araz çayına axıdılması ciddi ekoloji fəlakət deməkdir. Bu məsələ haqlı olaraq Azərbaycanın sərt reaksiyasına səbəb olub. Deyirlər orada tikiləcək zavoda xammal Zəngəzurdan, Kacarandan gətiriləcək. Əslində həmin ərazidə belə bir zavod var və görünür ki, hansısa müəssisə açmaq siyasi məqsədlərdən doğur. İnanmıram ki, ABŞ nəhayətdə bu işə qol qoysun. Ermənistan bu məsələ üzərindən həm də siyasi manipulyasiya edir. Guya, Azərbaycan Ordusu Arazdəyən istiqamətində irəli gəlib və Ermənistan ərazisinə girib. İddia edirlər ki, məhz bu "təcavüzün" qarşısını almaq üçün burada zavod inşa edilir. Ermənistan həmin ərazidə sözügedən zavodu tikə bilməz, beynəlxalq qanunlara görə də haqqı yoxdur. Əsas məsələ odur ki, Ermənistanın 1920-ci ildə qeyri-qanuni Ermənistana verilmiş tarixi torpaqlarımızı əldə tuta bilməmək və gələcəkdə itirmək qorxusu var. Bütün addımlarını buna görə atır". 

  Millət vəkili Azər Badamov da bildirib ki, Ermənistanın Naxçıvanla sərhəddə Arazdəyəndə iri metalurgiya zavodu tikməkdə məqsədi öz terrorçu mahiyyətini davam etdirməkdən irəli gəlir. Deputat vurğulayıb ki, zavodun buraxdığı zərərli tullantılar bölgəyə ekoloji zərbə vuracaq: "Zavod ABŞ-də yaşayan bir erməni iş adamın maliyyəsi ilə inşa olunur. Burda ABŞ dövlətinin iştirakından söhbət getmir. Ermənistan ABŞ bayrağını zavodun ərazisində qaldırmaqla məsələyə siyasi don geynidirməyə çalışır. Amma hesab edirəm ki, zavodun ABŞ dövləti ilə heç bir əlaqəsi yoxdur və Vaşinqton əksinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına töhfə vermək istəyir. Ona görə də ABŞ-nin təşəbbüsü ilə XİN rəhbərlərinin növbəti görüşü gözlənilir. Hesab edirəm ki, Ermənistanın özbaşınalıqları barəsində rəsmi şəkildə ABŞ-yə müraciət olunmalıdır".