Azərbaycanda Fransanın kəşfiyyat şəbəkəsi aşkarlanıb

Bu yaxınlarda Azərbaycan ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsi aşkarlanıb.

“Report” "İdentificator.in.ua" saytına istinadən xəbər verir ki, bu rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb.

Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.