20 Yanvar faciəsindən 34 il ötür

Bu tarix xalqımız üçün nə qədər ağrılı olsa da, milli kimliyimizin formalaşmasında müstəsna rol oynadı


  Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 34 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız dinc sakini yaraladı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi. Bütün bunlara baxmayaraq, qaniçən Mixail Qorbaçov və digərləri Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi. Əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü. XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayət də var. Qanlı hadisələrdən 34 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur. Öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir. 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi. Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Bakıdakı Qanlı Yanvar müstəqillik uğrunda mübarizə aparan hər kəs üçün aşkar dərs oldu. Azərbaycan milli hərəkatının yüksəlişini şərtləndirən əsas amil isə Qarabağ problemi idi. Mərkəzin Qarabağ böhranının həlli istiqamətindəki uğursuz və məkrli “səyləri”, respublika rəhbərliyinin Azərbaycanın milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın hiddətinə səbəb oldu. Vətəndaşlar narazılıqlarını bildirmək üçün dinc aksiyalara çıxdılar. Təəssüflər olsun ki, həmin dövrdə respublikada xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbər, qüvvə yox idi. Xalqın qəzəbindən qorxuya düşən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Ağır texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı qırğınlar həyata keçirildi. Bakıda xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Sovet ordusu hissələrinin Bakıya daxil olması Azərbaycan üçün böyük faciəyə çevrildi. O müdhiş gecədə doğma torpağının, xalqının azadlığı uğrunda, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucalaraq canlarından keçdilər.

  Milli Məclisin sədr müavini Adil Əliyev deyib ki, Azərbaycan xalqının ayıldığını, artıq rejimdən azad olmaq istədiyini və ən əsas məsələ, "Dağlıq Qarabağ"ın Ermənistana verilməsinə etiraz etdiyini görən Sovet hakimiyyətinin törətdiyi Qanlı Yanvar qırğınının misli-bərabəri yox idi. Onun sözlərinə görə, Azərbaycana yeridilən qoşun hissələrinin əsas hədəfi dinc əhaliyə divan tutmaq idi:
 "Bu məqsədlə də, hərbi birləşmələrin tərkibində ermənilərə xüsusi yer verilib. Əvvəlcədən Azərbaycana nifrət bəsləyən erməniləri Rusiyanın ayrı-ayrı vilayətlərindən gətirərək qoşun hissələrinin tərkibinə daxil etdilər. 1990-cı ilin yanvar ayının 20-də saat 00:00 fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, bu barədə xalqa heç bir məlumat verilmədi. Sovet Ordusu isə elə ayın 19-da axşam saatlarından Bakı şəhərinin müxtəlif istiqamətlərində amansız qırğınlar törətməyə başladı. Fövqəladə vəziyyət tətbiq olunsa da, xalq bundan xəbərsiz oldu və yalnız səhər 05:30-da bu barədə radio vasitəsilə məlumat verildi. Artıq həmin ərəfədə qırğın baş vermişdi. Baş vermiş hadisələr zamanı sovet hərbi qulluqçularının göstərdikləri vəhşiliklərin və qəddarlıqların misli-bərabəri yox idi. Heç nədən xəbəri olmayan günahsız və əliyalın insanlarımız qurbana çevrildi. Qoşun birləşmələri mülki əhalini və obyektləri hədəfə almaqla, dinc əhaliyə qarşı amansız cinayətlər törətdilər. Törədilmiş misilsiz qırğınlar yalnız Bakı şəhərində baş vermədi, ölkəmizin ayrı-ayrı rayon və şəhərlərində də qırğınlar davam etdirildi. Paytaxtdan sonra Neftçala və Lənkəran rayonlarında baş vermiş faciələr zamanı ümumilikdə 147 nəfər soydaşımız öldürüldü, 744 nəfər isə yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs olundu. Faciə baş verərkən öz xalqına, millətinə arxa çıxmayan və onları qorumaq əvəzinə ölkəni tərk edən, bu hadisəyə göz yuman Ə.Vəzirov və başqaları faciənin günahkarları ilə eyni dərəcədə məsuliyyət daşıyırlar".
 
 Vitse-spiker vurğulayıb ki, soydaşlarımızın üzləşdiyi bu faciə ilə bağlı ilk dəfə haqq səsimizi dünyaya çatdıran Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev oldu: 
"1990-cı ilin 21 yanvar günü Sovet hakimiyyətinin ona qoyduğu qadağalara baxmayaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək baş vermiş faciəni dünyaya bəyan etdi. Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu beynəlxalq cinayəti ifşa edərək, günahkarların cəzalandırılmalı olmasını, günahsız, əliyalın xalqa qarşı törədilmiş bu vəhşilik aktının günahkarlarının birbaşa Sovet və respublika rəhbərliyi olmasını diqqətə çatdırdı. 1990-cı ilin noyabrında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi baş vermiş faciə ilə əlaqədar ilk dəfə olaraq qərar qəbul etdi. Qəbul olunmuş bu qərarla Qanlı Yanvar hadisəsinə hüquqi qiymət verildi və daha sonra faciə ilə əlaqədar qəbul olunacaq qərarlara zəmin yaratdı. 1994-cu ildə  Milli Məclis Qanlı Yanvarla əlaqədar “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Baş vermiş faciənin dünyaya çatdırılması, günahkarların cəzalandırılması istiqamətində aparılan bütün işlər Ulu Öndər tərəfindən nəzarətə götürüldü. 20 Yanvar faciəsi xalqımız üçün nə qədər ağrılı olsa da, milli kimliyimizin formalaşmasında müstəsna rol oynadı. Xalqımız bir daha anladı ki, müstəqillikdən başqa nicat yolumuz yoxdur və  faciədən sonra milli azadlıq hərəkatı geniş vüsət aldı. Faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət diləyirəm".