Terror planları ifşa edildi: Ölkədəki sabitliyi pozmaq istəyənlər tətikdədir

Quru sərhədlərimizin bağlı saxlanması dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinə xidmət edir
 
 
 Məlum olduğu kimi, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib. Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Bəhruz Əskərov digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb. Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb. Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

 Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında deyib ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısına sui-qəsd və ölkə ərazisində digər terror aktları hazırlayan şəxsin yaxalanması, çirkin planların qarşısının alınması dövlət təhlükəsizlik orqanlarına olan inamı və etimadı artırmış oldu. Ekspert vurğulayıb ki, müvafiq qurumlar öz işləri ilə məşğuldur: 
"DTX tərəfindən dövlətin və millətin təhlükəsizliyinə təhdid yaradacaq cəhdlərin qarşısının vaxtında alınması bizi qürurlandırır. Stabil bir ölkə olan Azərbaycanda terakt planlarının hazırlanması və icra hakimiyyətinin başçısına, ABŞ vətəndaşına sui-qəsd niyyətləri göstərir ki, müəyyən qruplar və bəzi dövlətlərin xüsusi xidmət orqanları Azərbaycanda təşviş, panika yaratmaq istəyiblər. Ölkəmizin stabil imicinə xələl gətirməklə, vətəndaşların daim qorxu altında yaşamasını təmin etmək niyyəti güdüblər. Əgər dövlət təhlükəsizlik orqanları tərəfindən terror planları ifşa edilməsəydi, qabaqlayıcı tədbirlər görülməsəydi, onlara bağlı kiçik qruplar ölkənin başqa rayonlarında da teraktlar həyata keçirməyə cəhd edərdilər. Sözügedən şəbəkənin zərərsizləşdirilməsi digər çirkin planların da qarşısının alınmasına xidmət etmiş oldu".

 Ç.Qənizadə vurğulayıb ki, müəyyən terror hadisələrinin sapı özümüzdən olan milli satqınlar və radikal dindarlar vasitəsilə həyata keçirilməsi hər zaman bəzi dövlətlərin marağında olub:
 "Moskvada "Krokus Siti"də baş verən terror aktı da göstərdi ki, quru sərhədlərimizin müəyyən müddətə bağlı saxlanması məhz dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinə xidmət edir. Baş verənlər də göstərir ki, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozmaq, əhalidə siyasi hakimiyyətə qarşı etiraz formalaşdırmaq istəyən maraqlı qüvvələr var. Şükürlər olsun ki, bu cür cəhdlərin qarşısını almağa qadir xüsusi xidmət və hüquq-mühafizə orqanlarımız var. Vətəndaşlarımız da dövlət orqanları ilə əməkdaşlıq etməli, təhlükəli məqsədlərin qarşısının vaxtında alınması istiqamətində müvafiq qurumlara yardımçı olmalıdır".