Hüseyn Abdullayev əfv oluna bilər -ŞOK AÇIQLAMA

Bu dəfə Əfv fərmanının daha çox məhbusu əhatə edəcəyi gözlənilir

  
May ayında Əfv fərmanının imzalanacağı xəbəri bir çox ailənin ümidlərini artırıb. Verilən məlumatlara görə, imzalanması gözlənilən növbəti Əfv fərmanı daha çox məhbusu əhatə etməlidir. Onların sırasında sabiq millət vəkili, bəstəkar-pianoçu Hüseyn Abdullayevin olacağı da verilən xəbərlər arasındadır. 
  Xatırladaq ki, H.Abdullayev ixtisasca hüquqşünasdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olub, heç bir siyasi partiyanı təmsil etməyib. H.Abdullayev 2005-ci ilin parlament seçkilərində namizədliyini irəli sürüb və paytaxtın Nizami rayonu 25 saylı seçki dairəsindən deputat seçilib. 2007-ci ilin mart ayında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı, onun hökumət qarşısında qaldırdığı sorğuların və toxunduğu problemlərin nədən həll edilmədiyinə etiraz əlaməti olaraq, baş nazirin və bütünlükdə Nazirlər Kabinetinin hesabatını tənqid edərək, hesabata qarşı çıxıb. Parlamentdə düşən dava-dalaş zamanı, toxunulmazlıq statusu daşımasına baxmayaraq, həbs edilib, həbsindən sonra isə Milli Məclisin fövqəladə iclası çağırılaraq, deputat mandatı ləğv edilib. Ona xuliqanlıq və döymə ittihamları ilə cinayət işi qaldırılıb. Həmin gün Nəsimi Rayon Məhkəməsi Hüseyn Abdullayev haqda iki aylıq həbs-qətimkan tədbiri seçib. Mayın 18-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alan Hüseyn Abdullayev azadlığa buraxılıb və deputatlıqdan məhrum edilib. 2012-ci ildə Hüseyn Abdullayev Almaniyaya mühacirət edib. 2013-cü ildə Hüseyn Abdullayevə vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib. 2016-cı ildə ona qanunsuz sahibkarlıq, 2018-ci ildə dələduzluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamları da irəli sürülüb. Və 2018-ci ilin aprelində sabiq deputat Türkiyədə həbs edilərək ölkəyə gətirilib. 2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi Hüseyn Abdullayevə 6 il azadlıqdan məhrumetmə cəzası kəsib. H.Abdullayev 6 illik cəzasının böyük hissəsini çəkib artıq (4 il 8 ay). Həbsdə olduğu müddətə baxılarsa, Əfv fərmanı ilə azadlığa buraxılacağı real görünür. 
  “Sherg.az”ın əldə etdiyi məlumata görə, əfv olunması xahiş edilən məhbuslar arasında  Hüseyn Abdullayevlə bağlı da müraciət var. Həmçinin 30 ilə yaxındır həbsdə olan sabiq “OMON”çuların adlarının da əfv siyahısına salınacağı, Əfv fərmanının daha çox məhbusu əhatə edəcəyi gözlənilir. Əlbəttə ki, Əfv fərmanının imzalanması cənab Prezident İlham Əliyevin müstəsna səlahiyyətidir.