8 dostun arzusu gerçəkləşdi!

Özlərinə kənd saldılar, dəyəri 1 milyon lirədir

  Şəhər xaosundan, səs-küydən uzaqlaşıb uzaq bir yerdə rahat, qayğısız yaşamağı çoxları arzu edir. Lakin hər kəsin xəyalı gerçəkləşmir. 8 dost isə bunu bacarıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, şəhər  həyatından xilas olub, təbiətlə baş-başa yaşamaq xəyalı quran 8 dost nəhayət arzularını gerçəkləşdirmək üçün yola çıxıb və ABŞ-nin Texas ştatında özləri üçün sakit bir məkan tapıblar. Burada torpaq sahəsi satın alaraq kiçik evlərdən ibarət bir qəsəbə salıblar. Qəsəbə daxilindəki evləri başqalarına kirayə verərək qazanc da əldə edirlər. 8 dostdan 4-ü digərlərinin yaşadığı əraziyə 90 dəqiqəlik məsafədə məskən salıb. Lakin qərara gəliblər ki, tez-tez əyləncə gecələri təşkil etsinlər, söhbət edib, əylənsinlər.  Dostların hərəsi özünə ayrıca mənzil də təşkil edib. Hər nə qədər birlikdə olmaq istəsələr də, sakitliyə, tək qalıb dincəlməyə də ehtiyacları yaranacağını unutmayıblar.  Təxminən 10 hektar ərazidə kompakt mənzillər inşa edilib. Bu işdə onlara memar Garsia yardım edib. Mənzillər təbiətə zərər vurulmadan inşa edilib. Evlərin tikintisi dostlara 40 min dollara başa gəlib. Mənzillərin inşasında havanın istisi, soyuğu da nəzərə alınıb, həm də bağ-bağçanın suvarılması üçün yağış sularının toplanacağı damlar inşa edilib. Evlərin hamısının rahat mətbəxi və oturma otaqları var. Ümumi istifadədə olan otaqlar isə qonaqların qəbulu üçündür. Dostlardan biri - Fred Zipp xəyallarının reallaşması haqqında danışaraq “ilk baxışda bura bizə o qədər də cəlbedici görünmədi. Quraq ərazilər daha çox idi və suvarma üçün bol suya ehtiyacımız olacaqdı. Amma memarımız evləri elə inşa etdi ki, yağış suyunu toplaya bilirik. Daha çox günəş enerjisi almaq üçün də geniş şüşəli siyirmə qapılar qoyuldu. Bunun nəticəsində evə daha çox işıq düşür. Biz burada xoşbəxtik və digər dostlarımızı, tanışları da qonaq qalmağa dəvət edirik”, - deyib.