“Karib dənizinin quldurları” filminin qəhrəmanı köpək balığının qurbanı oldu

"Karib dənizinin quldurları" filmində rol alan Tamayo Perri bazar günü Havay arxipelaqının Oahu adasının sahillərində sörfinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıb.

Sherg.az xəbər verir ki, Oahu adasının şimal sahilindəki Malaekahana çimərliyində xilasedici və sörf üzrə təlimatçı olan 49 yaşlı Tamayo Perrinin cəsədi tapılıb. Yerli sörfçülər tərəfindən tapılan cəsədin bir qolu və ayağının olmadığı açıqlanıb.

 
Honolulu Fövqəladə Xidmətlər Departamentindən verilən açıqlamada, ilk təcili çağırışın bazar günü saat 13:00 radələrində gəldiyi və Tamoya Perrinin cəsədinin sahilə gətirildiyi bildirilib.

Honolulu Okean Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsini icra edən Kurt Lager deyib ki, cənab Perri “hamı tərəfindən sevilən xilasedici” idi.

"O, Şimal Sahilində yaxşı tanınırdı. O, dünya şöhrətli peşəkar sörfçü idi. Tamayonun sevgisi qarşılıqlı idi və insanlar onu sevdiyi kimi, hamını o daha çox sevirdi."

Honolulu meri Rik Blangiardi Perrinin ölümünü faciəvi itki kimi qiymətləndirib. "Tamayo əfsanəvi dənizçi idi və çox hörmətli idi" deyib.