Havvaxanım Rüstəmova ilə bağlı sosial şəbəkələrdə çox ciddi reaksiyalar var

Uşaq bağçasının direktoru həbs olundu


  Bakıda “Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmova həbs olunub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. H.Rüstəmova "Moon Kids" uşaq bağçasının təsisçisi və direktorudur.

H.Rüstəmovanın həbs olunması xəbərinə sosial şəbəkələrdə çox ciddi reaksiyalar gəlib. Əksəriyyət bu xəbərə sevindiyini, onun iş axtaran  qadınların çarəsizliyindən  vicdansızca  istifadə edib, pullarını mənimsədiyini dilə gətirib. “Woman blog A.D” qrupunun admini Səbinə xanım da  Həvvaxanım Rüstəmova ilə təəssüratlarını yazıb: 
“Moon kids” uşaq bağçasında elan olunan vakansiya ilə bağlı rus bölməsində müəllim kimi fəaliyyət göstərmək üçün müraciət etdim. Bağçanın direktoru məni qəbul etdi. Başladı özü, biznesi haqqında danışmağa. Məlum oldu ki,  bu şəraiti ona atası yaradıb. Öz-özümə fikirləşdirdim ki, bütün bunların mənə nə dəxli, vakansiya üçün müraciət etmişəm, dərdləşməyə gəlməmişəm ki!? 
  Nə isə, bir  xeyli özünü və bağçanı  tərifləyəndən  sonra dedi ki, bizdə işləmək üçün xüsusi təlim keçməli və  proqram almalısınız. Oradakı dərsləri keçməlisiniz və s. 
Lap yaxşı, təlim keçmək daha yaxşıdır deyə düşünməyə başlamışıdım ki, nə desə yaxşıdır:  bəs, proqram 5000 manatdır. 
Dedim nə qədər? 5000 AZN-ə işçi götürürsünüzsə,  vakansiya ilə bağlı elan  niyə paylaşmısınız!? Camaatı yalandan dolamısınız, deyib çıxdım. 
Daha sonra bir tanış qiz ora dayə kimi getdi. Dedim getmə, oranın yiyəsi  fırıldaq adama oxşayır. Eşitmədi, getdi. Ondan da  2500 manat  alıb, dayə kimi  götürdüb. Həm də 300 AZN maaşla.... Demə,  proqram, təlim  adı ilə külli miqdarda pul alıb işə götürdüyü insanları bir az işlədib, “siz ləngsiz, bizə uyğun deyilsiz” kimi bəhanələrlə işdən çıxarırmış”. 

  Qeyd edək ki,  “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.                               
Şəymən