CVC kod heç kəsə deyilməməlidir: İnsanların rəqəmsal təhlükəsizlikdən xəbəri yoxdur


"Bu artıq texniki deyil, sosioloji problemdir. Texniki cəhətdən Azərbaycanın bank sistemi xaricdən götürülüb. Bank sistemində heç bir problem yoxdur”
 
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb. 

Rəqəmsal mütəxəssis Vasif Qəhrəmanov “Sherg.az”a bildirib ki, insanların rəqəmsal təhlükəsizlikdən agah olmamaları əsas problemlərdən biridir:

“İnsanlar necə qorunmaq və nə etmək lazım olduğunu bilmirlər. Texnoloji blogerlər, televiziya və bütün informasiya resursları insanlara başa salmalıdır. Məsələn üç rəqəmli CVC kod heç kəsə deyilməməlidir. Hətta bankdan zəng edilsə, belə bankın ixtiyarı yoxdur ki, sizin CVC nömrənizi bilsin. Zəng edirlər ki, bankdan əlaqə saxlayırıq CVC nömrənizi bizə təqdim edin. Bunlar artıq dələduzlardır. Tanımadıqları və bilmədikləri sayta daxil olaraq kart məlumatlarını əlavə etmək olmaz. Müxtəlif növ aksiyalar olur, guya ki, Kontakt Home -də iphone 15 min manata düşüb. İnsanlar kart məlumatı əlavə edərək tələyə düşürlər. Bu tip məsələlərə inanmaq olmaz. İnsanlar maariflənməsə xəbərdar olmayacaqlar. Bu artıq texniki deyil, sosioloji problemdir. Texniki cəhətdən Azərbaycanın bank sistemi xaricdən götürülüb. Bank sistemində heç bir problem yoxdur”.