Ötən il ölkədə qeydə alınan ana və körpə ölümlərinin sayı açıqlandı

Ötən il Azərbaycanda 531 körpə ölü doğulub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.

Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır - red.) ölənlərin sayı 1 837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1 000 doğulana 16,2 nəfər olub.

Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dir.

Həmçinin ölkədə ötən il üzrə bir yaşadək 2 039 körpə ölümü baş verib və bunun 1 317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 395 olub ki, bunun da 1 329-u oğlan, 1 066-sı qızdır.

Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə ana ölümlərinin sayı 18 olub.