Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin xarici ölkələrdə fəaliyyət göstərən səfirləri ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib. Bu barədə məlumatı "Sputnik Ermənistan" yayıb. Səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar. Qeyd edək ki, avqustun 26-28-də Dilicanda Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkə Prezidenti Vaaqn Xaçaturyan, eləcə də digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni səfirlərlə qapalı iclas keçirilib.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a vurğulayıb ki, Mirzoyanın sərhədə səfərə gəlməsinin mahiyyətini anlamaq çətindir:
“Çünki sərhəd turistik zona deyil. Orada hansısa xarici nümayəndələrin yeri yoxdur. Lakin Ermənistan ola bilsin sözügedən hadisəylə demək istəyir ki, artıq delimitasiya prosesi gedir və müəyyən uğurlar var. Yəni konkret nəticələrlə bağlı xarici səfirləri tanış edir. Yəqin ki, əsas məqsəd bundan ibarətdir. Həqiqətən də delimitasiya ilə bağlı naliyyətlər var. Yaranan vəziyyətdən səfirlər müsbət nəticə çıxaracaqlar. Delimitasiya prosesində həm Ermənistan, həm də Azərbaycan tərəfi iştirak edir. Hesab edirəm ki, Azərbaycanın atdığı addımlar xarici səfirlər tərəfindən obyektiv qiymətləndiriləcək”.