Bakıda it amansızlıqla öldürülüb.
Bu barədə Oxu.Az-a heyvan haqları fəalı Yelena Simakina məlumat verib. O, hadisəni belə izah edib: "Hövsanda parkda gecələyən Rahib adlı kimsəsiz oğlan küçə itlərini toplayır və onlara qayğı göstərir. Xəstə heyvanlarla qarşılaşdıqda onları mənim itlər üçün olan sığınacağıma gətirir. Keçən həftə Yusif adlı taksi sürücüsü Rahibə içində yarımcan it olan bir torba verib. Oğlan da çox düşünmədən torbanı bizə gətirib. İti iç-içə keçirilmiş iki torbaya qoyub ağzını bağlamışdılar. O, tamamilə islanmışdı, can verirdi, çənəsi sınmışdı. Xilas etməyə çalışdıq, amma artıq gec idi. Gözümüzün qarşısında öldü".
Sığınacaq sahibi itlə bu qədər amansızlıqla davranan şəxsi tapmağa qərar verib:
"Rahib məni taksi sürücüsünün ona torbanı verdiyi yerə apardı. Şahidlər dedilər ki, həmin taksi sürücüsü bu əraziyə tez-tez gəlmir. Həmin gün kimsə ona Türkan qəsəbəsində torbada it verib və Hövsanda buraxmağı xahiş edib. Yusif iti baqaja ataraq Hövsana yollanıb, heyvanı baqajda unudaraq çayxanada dincəlməyə qərar verib. Havasızlıq və isti əvvəlcədən döyülmüş itin ölümünə səbəb olub".
Yelena Simakina hadisə ilə bağlı polisə müraciət etdiyini deyib. Məlumat üçün qeyd edək ki, hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır. Maraqlıdır, indiki dövrdə heyvanlara qarşı yaranan aqressiyanın səbəbi nədir? Bu cür vəhşiliklərin qarşısını almaq üçün nə etmək lazımdır?
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a söyləyib ki, bəzi insanların sahibsiz heyvanlara qarşı aqressiyası bitib tükənmir :
''Demək olar ki, hər gün sosial mediada sahibsiz heyvanların amansızcasına öldürülməsi və ya onlara ağır işgəncələrin verilməsinə dair görüntülərlə qarşılaşırıq. Əlbəttə, bu hal istər sosial şəbəkələrdə, istər mətbuatda, istərsə də cəmiyyətdə ciddi qınaq predmetinə çevrilir. Daim özündən qat-qat zəiflərə qarşı aqressiya çox yüksək olub. Çox təəssüflər olsun ki, heyvanlar da həmin kateqoriyanın içindədir. Təbii ki, insanlar heyvandan güclü olduğuna görə, onlara istədikləri şiddəti göstərirlər. Yəni eqosu əzik şəxslər heyvanlara işgəncə verərək şəxsiyyətlərindəki problemləri üzə çıxarırlar. Heyvanlara şiddətin qarşısını hansısa metodla almaq mümkün deyil. Sadəcə olaraq uşaqlarımıza baxça və məktəblərdə mərhəmət hissini, empati bacarığını və heyvanlarla düzgün davranış qaydalarını aşılamaq lazımdır. Əks halda, bu kimi hadisələr qaçınılmazdır. Görünən odur ki, hər hansı canlını işgəncələrlə öldürən şəxslər əməllərinin cavabsız qalacağından arxayındırlar. Ən yaxşı halda cərimə ilə vəziyyətdən qurtulmağı düşünürlər. Unutmamalıyıq ki, heyvanların da insanlar kimi emosiyaları var. Ona görə də heyvanlara qarşı mərhəmətli davranmaq lazımdır. Onları incitmək olmaz".