Xırdalanda sərnişin avtobuslarının sürücüləri kobud qayda pozuntusuna yol veriblər.
Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Xırdalanda sərnişin avtobusları sürücülərinin kobud qayda pozuntusuna yol vermələri ilə bağlı daşıyıcı şirkətin nümayəndəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-dan verilib.
Qeyd olunub ki, "Sahil" MMC-nin müvəqqəti istismarında olan 517 nömrəli marşrut avtobusunun və "F. Rövşən" İstehsalat Müəssisəsinin müvəqqəti istismarında olan 515 nömrəli marşrut avtobusunun sürücüləri sərnişindaşıma və təhlükəsizlik qaydalarını kobudcasına pozublar.
"Bununla bağlı hər iki daşıyıcı şirkətin nümayəndəsi AYNA-ya dəvət olunub. Onlara sürücülər barədə ciddi ölçü götürmək tapşırığı verilib. Məsələ ilə bağlı daşıyıcı şirkət tərəfindən müvafiq tədbir görüləcək", - deyə açıqlamada bildirilir.
Belə mövzuların zaman-zaman gündəmə gəldiyini deyən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a söyləyib ki, fərqli qurumların nəqliyyat vasitələri tərəfindən bu cür hadisələrə yol verilir:
''Avtobus sürücülərinin qaydaları pozması daha çox bölgələrdə rast gəlinir. Bu cür nüanslar şəhərin mərkəzlərində nadirən olur. Çünki burada ictimai nəzarət güclüdür və kameralar daha sıx quraşdırılır. Demək olar ki, avtobus sürücülərinin fəaliyyəti daim izlənilir. Xırdalan və bu kimi kənar ərazilərdə sürücülərinin qaydaları tez-tez pozduğunu görürük. Bir sözlə, onlar keflərinə uyğun nəqliyyat vasitəsini idarə edir, istədikləri yerdə saxlayırlar. Təbii ki, bunlar neqativ hallardır və qanunlara ziddir. Ona görə də belə vəziyyətlər olduqda vətəndaş olaraq AYNA-ya müraciət etmək lazımdır. Çünki əks halda, yol-nəqliyyat hadisələri çoxalır və insanların həyatı təhlükə altında qalır. Bu uşə adiyyatı qurumlar da müvafiq tədbirlər görməlidirlər. Həmin qayda pozuntularına görə, ciddi cəzalar mövcuddur. İnsanlar belə hallarla qarşılaşdıqda hadisə yerindən foto və video çəkərək ictimailləşdirsinlər".