İnsidentlər göstərir ki, erməni radikalları istifadə etdikləri bədnam terror taktikasını geri qaytarırlar
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyik tərəfindən dərhal ABŞ-ın müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb. Hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib. Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktları ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq. Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirib. Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib. Habelə Bakı şəhərində terror aktları törədiblər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olub. Nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Twitter“ hesabında yazıb ki, Azərbaycan diplomatik korpusuna qarşı baş verən insidentlər göstərir ki, erməni radikalları istifadə etdikləri bədnam terror taktikasını geri qaytarırlar. O qeyd edib ki, türk diplomatlarına qarşı 1970-80-ci illərdə və azərbaycanlı mülki vətəndaşlara qarşı 1988-94-cü illərdə törədilən bu cür terror aktları qəti şəkildə pislənmədiyi üçün erməni radikallar cəzasızlıqdan istifadə edirlər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə bildirib ki, Vyana Konvensiyasına əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən ən mühümü dövlətin diplomatik missiyasının və diplomatların təhlükəsizliyinin tam təmin edilməsindən ibarətdir. Partiya rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını, cinayət əməllərinə hüquqi qiymət verilməsini qətiyyətlə tələb etməlidir:
"Həmin ölkələrin hüquq-mühafizə orqanları, səfirliklərimizin qorunmasına məsul qurumlar da diqqətdən kənarda qalmamalıdır. Niyə xarici ölkələrdəki səfirliklərimizə erməni lobbisinin nümayəndələri rahatlıqla daxil olaraq vandalizm aktı törədə bilirlər? Bakıda hər hansı bir ölkənin səfirlik binasına qeyri-qanuni daxil olmaq, təxribata cəhd göstərmək qeyri-mümkündür. Ölkəmizdə ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin səfirliklərinin qorunması Azərbaycan polisi tərəfindən ciddi şəkildə həyata keçirilir. Xüsusən, Fransa hüquq-mühafizə orqanlarının erməni təxribatının qarşısının alınmasına ciddi yanaşmaması, hesab edirəm ki, bu ölkənin ermənipərəst mövqedə olduğunun aydın ifadəsidir. Başa düşməliyik ki, hər bir ölkənin öz siyasi mühiti mövcuddur və buna uyğun olaraq zəruri tədbirlər görülməlidir".