Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı

Yaponiyanın Fukushima şəhərində ayı hücumları ciddi narahatlıq yaradıb.

Sherg.az xəbər verir ki, yerli medianın məlumatına görə, vəhşi heyvanın hücumu nəticəsində 4 nəfər yaralanıb.

Ayı əvvəlcə polad zavodunda iki işçiyə hücum edib. Daha sonra yaşayış məntəqəsinə daxil olan heyvan 80 yaşlarında bir qadını və 60 yaşlarında bir kişini də yaralayıb.

Polis ayının hələ də ərazidə olduğunu bildirərək, heyvanın vurulmasına icazə verəcək fövqəladə vəziyyət rejiminin tətbiqini nəzərdən keçirir.

Hadisədən sonra bölgədəki ibtidai və orta məktəblərdə dərslər müvəqqəti dayandırılıb. Yerli sakinlərə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Məlumata görə, Yaponiyada son bir ildə ayı hücumları nəticəsində ölən və ya yaralananların sayı rekord həddə çataraq 238 nəfər olub. Ölkənin Tohoku Region bölgəsində 19 mindən çox qara ayının, Hokkaido adasında isə təxminən 11 600 boz ayının yaşadığı təxmin edilir.