Bu gün dənizdə qeydə alınan 5,3 bal gücündə zəlzələ orta güclü zəlzələlər kateqoriyasına daxildir
Son dönəmlər Xəzər dənizində intensivləşən zəlzələlər ölkə əhalisini qorxuya salıb. Respublika Seysmoloji Mərkəzin məlumatına görə aprelin 4-də Xəzərdə 3,1 bal gücündə zəlzələ baş verib. Qeydə alınan silkələnmələrin maqnitudunda davamlı artım müşahidə olunur. Bu proses seysmik aktivliyin güclənməsi ilə bağlı narahatlıq yaradır. Aprelin 7-də isə Xəzərdə ardıcıl olaraq iki seysmik təkan qeydə alınıb. Avropa-Aralıq seysmoloji Mərkəzinin məlumatına görə artıq bu gün 5,3 bal gücündə zəlzələ baş verib. Hadisədən sonra yenidən 2 afterşok qeydə alınıb. Seysmik təkanlar Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Nefçala kimi Xəzəryanı bölgələrdə də hiss olunub. Qeyd edək ki, son dövrlər Azərbaycanla yanaşı, qardaş Türkiyə, Qazaxıstan, Əfqanıstan, Yaponiya və digər ölkələrdə də zəlzələlər baş verir.
Bəs qlobal miqyasda hiss olunan seysmik təkanların yaranma səbəbləri nələrdir?
Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Sherg.az-a bildirib ki, Yaxın Şərqdə baş verən geoloji proseslər yeraltı seysmik hərəkətlərə səbəb olub:
“Bu region aktiv tektonik zonada yerləşir. Yəni Ərəbistan, Afrika və Avrasiya lövhələrinin bir-biri ilə toqquşması və ya yaxınlaşması çox böyük geoloji proseslərə yol açır. Lövhələrin toqquşması ilə Yer qabığında yığılan gərginlik qəfil boşalanda güclü zəlzələlər baş verir. Yaxın Şərqdə toplanan gərginlik enerji şəklində qonşu regionlara da qismən təsir göstərir. Xüsusilə də Anadolu, İran, Qafqaz və Aralıq dənizi bölgələri Yaxın Şərqdəki tektonik hərəkətlərin təsirini hiss edən aktiv seysmik zonalardır”.
Seysmoloqun sözlərinə görə, Xəzərdə iki gün ard-arda zəlzələ baş verməsi təsadüfi deyil:
“Xəzər dənizi Cənubi Qafqazın şərqində yerləşdiyi üçün zəlzələyə meyllidir. Bu gün dənizdə qeydə alınan 5,3 bal gücündə zəlzələ orta güclü zəlzələlər kateqoriyasına daxildir. Zəlzələ ocağı 70 km dərinlikdə yerləşdiyi üçün silkələnmə Lənkəran, Astara, Lerik və Cəlilabad kimi Xəzəryanı bölgələrdə təxminən 3-4 bal gücündə hiss olunub. Bu cür zəif təkanlar qorxulu fəsadlara səbəb ola bilməz. Hazırda dənizdə enerji boşalmaları ucbatından afterşoklar davam edir”.
Q. Yetirmişli, vulkan püskürmələrinin birbaşa zəlzələlərin yaranmasına təsir göstərdiyini vurğulayıb:
“Çünki zəlzələ və palçıq vulkanları çox vaxt eyni tektonik zonalarda yaranır. Xatırlayırsınızsa, yanvarın 31-də Hacıqabulda vulkan püskürməsi baş vermişdi. Püskürmə zamanı maqmanın hərəkəti və təzyiqin artması yer qabığında gərginlik yaradır. Həmin gərginliyin boşalması kiçik və orta güclü zəlzələlərə səbəb olur. Lakin böyük tektonik zəlzələləri vulkanla əlaqələndirmək olmaz”.