Yanğın hadisəsi hər bir şirkətin başına gələ bilər

Ancaq əsas məsələ odur ki, daxili istehlak bazarı bunu hiss etməsin

Ötən gün baş verən yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub. Yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumata görə, fabrik bir neçə aydır ki, anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın on milyon manatlarla ölçüldüyü deyilir. 

Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş: “Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərsun Sənaye Parkı”nda baş verən yanğının ilkin səbəbini açıqlayıb. Nazirin sözlərinə görə, yanğın sahəsinin kənarında karton tullantıları olub. Ehtimal olunan ilk varianta görə, yanğın oradan başlayıb. Nazirin sözlərinə görə, müəssisənin özünün təhlükəsizlik kameralarında bu, əks olunub. Buna rəğmən, yanğının səbəbi ilə bağlı müxtəlif versiyalar da ortaya atılır. Çoxsaylı ehtimallarda yanğının təxribat məqsədi ilə törədildiyi qeyd olunub. Səbəb olaraq Ukraynaya Azərbaycan tərəfindən ard-arda göndərilən humanitar yardım göstərilib. 

İqtisadçı Pərviz Heydərov vurğulayıb ki, “Azərsun Sənaye Parkı”nda baş verən yanğın hadisəsi ölkədə ərzaq məhsulları ilə təminat məsələsində aparıcı qüvvənin çoxsaylı deyil, yalnız bir və yaxud cəmi iki-üç şirkətin təşkil etməsi faktının nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Ekspertin sözlərinə görə, bu cür hadisələr hər bir şirkətin başına gələ bilər. Ancaq daxili istehlak bazarı bunu hiss etməməlidir. Əsas məsələ budur: 

“Sözügedən hadisənin istehlak bazarımızda özünü necə büruzə verəcəyi və təsirlərinin ortaya çıxıb, çıxmayacağı bəlli deyil. Lakin "Azərsun" aparıcı şirkətdir. Uzun illərdir ki, ölkəmizdə qida istehsalı, tədarükü və idxalı sahəsində həlledici rol oynayır. Məsələ bundadır ki, hazırda bu sahədə dünya bazarlarında da böhran hökm sürür. Ərzaq məhsullarının bəzi növləri üzrə qıtlıq və çatışmazlıq olacağı proqnoz edilir. İdxal bahalaşıb və üstəlik çətinləşib. Sözün qısası, ölkədə ərzaq sarıdan təhlükəsizliyi təmin etmək üçün təcili şəkildə həm yerli istehsal sahəsində, həm də idxal kanallarında diversifikasiyaya nail olunmalıdır. Ümumiyyətlə, geniş şəkildə rəqabət mühiti formalaşdırılmalı, həm daxildə, həm də xaricdə fors-major halları yaranarkən bunun istehlak bazarımızda təlatümlər ortaya çıxarda bilməsi amilləri mümkün dərəcədə aradan qaldırılmalıdır”.