Yunanıstanın mərkəzindəki Fokida bölgəsində, Vardusiya dağında yürüşə çıxan 4 nəfər dünən itkin düşmüşdü.
Sherg.az xəbər verir ki, yunan mətbuatına görə, qrup 2 495 metr hündürlükdə yerləşən Korakas zirvəsinə qalxarkən, iştirakçılardan 3-nün yaxınları bir neçə saat ərzində onlarla telefon əlaqəsi qura bilmədikləri üçün itkin düşmə barədə xəbərdarlıq ediblər.
Bunun ardınca, əlverişsiz hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə qrupları genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyatda 30-dan çox yanğınsöndürən və xüsusi xilasetmə dəstəsinin üzvləri iştirak edib. Xüsusi təlim keçmiş itlər və dronlardan da istifadə olunan axtarışlar zamanı ayaq izləri aşkar edildikdən sonra 4 nəfərin cansız bədəninə qar uçqunu altında rast gəlinib.
Yanğınsöndürmə xidməti rəsmiləri bildiriblər ki, itkin düşən yürüşçülərdən 2-si təcrübəli dağçı olub. Onlar həmçinin vurğulayıblar ki, dağlıq ərazi xüsusilə pis hava şəraitində son dərəcə çətin və təhlükəli hala gəlir.