Pilotsuz uçan aparatlarla (PUA) bağlı “Aviasiya haqqında” qanun layihəsinə yeni 13-cü fəsil əlavə olunub və bu, bir çox məsələlərin tənzimlənməsinə şərait yaradacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən verilən məlumatda qeyd olunub ki, dronların ölkəyə gətirilməsi mümkün olsa da, ölkə ərazisində məsafədən idarə edilən pilotsuz uçan aparatın (PUA) dövriyyəsi üçün xüsusi icazə almaq lazımdır.
Qanunvericiliklə bağlı nə kimi dəyişikliklərin olması təklif olunur, sualına cavab olaraq isə bildirilib ki, PUA-ların layihələndirilməsinə, istehsalına, istismarına dair tələblər müəyyənləşdirilib, nəzarət və yoxlamaların aparılmasına dair müddəalar əlavə olunub.
Bundan başqa qeyd olunub ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 17 may tarixli 251-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə PUA 18-ci maddə kimi dövriyyəsi məhdudlaşdırılan əşyalar siyahısına əlavə edilib.
Qeyd edək ki, PUA-nın dövriyyəsinə icazə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na (Əlavə 1) əsasən həyata keçirilir.
Həmin Qaydalara əsasən, xüsusi icazə hüquqi və fiziki (yalnız fərdi sahibkar olanlar) şəxslərə verilə bilər. Xüsusi icazənin verilməsi Fərmanla təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın (Əlavə 2) 17-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəyləri nəzərə alınmaqla verilir.
PUA-nın dövriyyəsi ilə bağlı hüquqi və fiziki (yalnız fərdi sahibkar olanlar) şəxslərə xüsusi icazə verilməsinin əhatə dairəsi hazırkı qanunvericiliyə uyğun olaraq tənzimlənir.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın (Əlavə 2) 17-ci hissəsinə əsasən PUA-ya dair xüsusi icazəni verən orqandır.
RİNN-in Əsasnaməsinin 3.0.14-cü yarımbəndinə əsasən bu səlahiyyəti RİNN-in adından Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.