30 il onra kimliyi müəyyən edilən şəhidin qalıqları dəfn olunub - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları dəfn olunub.

APA xəbər verir ki, şəhidin qalıqları Bakının Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

12.18

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu gün Bakıda şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhidin anası Səbirə Dadaşova deyib ki, artıq övladının məzarını ziyarət edə biləcək: "Balam tapılandan sonra gözüm yoldan yığıdı. Təsəlli tapıram ki, daha məzarını ziyarət edə biləcəm".

Şəhid Gülalı Dadaşovun qalıqları Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Gülalı Dadaşovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.