Bildiyimiz kimi Azərbaycan torpaqları 30 ilə yaxın erməni tapdağı altında qalıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışırdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışırdı. Azərbaycan isə işğalla barışa bilməzdi və barışmadı. Beləliklə 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Daha sonra 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının il dönümü münasibətilə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, 1988-ci ildən keçmiş Dağlıq Qarabağda başlayan separatizmə 2023-cü ildə son qoyuldu:
“Əlbəttə, bu illər ərzində separatizmin formalaşmasına müəyyən şərait yaranmışdı. Azərbaycan təkcə erməni separatizmi nəticəsində parçalanmırdı. Eyni zamanda Cənub və Şimalda separatizmi formalaşdıran qüvvələr Azərbaycanı dağıtmaq üçün xaricdən idarə olunurdular. Digər tərəfdən isə Azərbaycanın daxilində siyasi rəhbərlikdə öz şəxsi maraqlarına üstünlük verən insanların addımları fonunda rəhbərlik vəziyyətdən xilas olmaqda çətinlik çəkirdi. Belə olan halda Azərbaycana xalqın inam bəslədiyi güclü lider lazım idi. Tarixən bu cür gərgin vəziyyətlərdə tarix özü xalqı həmin şəxsiyyətə istiqamətləndirib. Yəni xalq çətin vəziyyətdə olanda liderini özü seçir. Azərbaycan xalqı da yaranmış vəziyyətdən qurtulmaq üçün özlərinə Ulu Öndər Heydər Əliyevi xilaskar lider seçdilər. Heydər Əliyev isə son nəfəsinə qədər vətəni və xalqı üçün sədaqətlə xidmət göstərdi. Xalqının xilası üçün təhlükəli bir vəziyyətdə Bakıya dönərək bu prosesləri ustalıqla həll etdi. Şimal və Cənubda separatizmin qarşısını aldı, vətəndaş müharibəsinin yaranmasını əngəllədi və düşmənin işğalını genişləndirməsini dayandırdı. Hətta Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 1994-cü Horodiz əməliyyatı həyata keçirərək 22 yaşayış məntəqəsini azad etdi. O cümlədən Horodiz şəhəri də düşməndən azad olundu. Daha sonra atəşkəs dönəmində Heydər Əliyevin fəaliyyəti ordumuzun gücləndirilməsinə, tutduğumuz mövqeylərin möhkəmləndirilməsinə və işğal altında qalan torpaqların azad olunmasına yönəlmişdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələri üçün özündən sonra şah əsər sayılan Ali Baş Komandan İlham Əliyevi yetişdirib. Xalqın etimadını qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyev Azərbaycan ordusunu müasir prinsiplərə əsaslanan silahlarla təchiz etdi. Eyni zamanda çox güclü ordu quruculuq işləri apardı. Azərbaycanın iqtisadiyyatı güclü ordunun yaradılmasına imkan verirdi. Güclü iqtisadiyyat olmasa, güclü orduya sahib olmaq çətindir. Belə güclü iqtisadiyyatın təşkilatçısı da məhz İlham Əliyevdir. İlham Əliyev daim ordunun gücləndirilməsinə diqqət yetirir və hərbi hissələrdə təlimlərin keçirilməsi ilə bağlı planların təsdiq edilməsini reallaşdırırdı. Həmin təlimlər 5,10, 15 və 25 min şəxsi heyətin cəlb edilməsi ilə baş tuturdu. Ermənistan isə 300-500 nəfərin iştirakından çox olan təlimlər keçirməyib. Çünki bu çox böyük vəsait tələb edən işdir. Amma İlham Əliyev qarşıya qoyulan ən böyük vəzifələrdən biri olan torpaqları işğaldan azad olunması üçün irimiqyaslı təlimlər keçirirdi. Ali Baş Komandan heç vaxt torpaqların azad olunması ilə bağlı inamını itirmirdi”.
Ekspert bildirib ki, ordu, xalq və dövlət birliyi Azərbaycanın güc yoluyla torpaqları azad etmək qərarını verilməsinə səbəb oldu:
“Aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Doğrudan da 2020-ci ildə Vətən müharibəsində əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu düşməni məhv edərək ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan ordusu qəlib ordu kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Daha sonra seperçı qüvvələrin rəhbərləri atəşkəsi pozaraq dinc əhaliyə qarşı təhlükə yaradırdılar. Təbii ki, proses belə davam edə bilməzdi. İlham Əliyev Azərbaycan Ordusuna güvənərək antiterror tədbirləri keçirməklə bağlı qərar qəbul etdi. Azərbaycan Ordusu qısa zaman ərzində antiterror tədbirləri həyata keçirərək qanunsuz silahlıları tərksilah edərək seperatizmə son qoydu. Antiterror tədbirlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan Ordusu bir daha öz professionallığı ilə seçildi. İndiyə qədər tarixdə belə bir antiterror əməliyyatı həyata keçirilməyib. Heç bir mülki şəxsə və infrastruktura ziyan dəymədi. Baxmayaraq ki, böyük ərazini əhatə edən cəbhədə antiterror əməliyyatı həyata keçirilirdi. Azərbaycan Ordusu zərgər dəqiqliyi ilə hərbi obyektləri məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetirilməyə nail oldu. Buna görə də bu gün Xankəndidə və digər iqtisadi yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalanır. İlham Əliyev Azərbaycan xalqının və ordusunun necə güclü olduğunu bütün dünyaya göstərdi".