"Professor"un sirri...

11 dəfə çempion oldu, bir dəfə qırmızı vərəqə almadı

Mahmud Qurbanov: “İlk maaşımı 1990-cı ilin noyabrında almışam - 85 rubl, o pulun 15 manatını özümə saxladım, qalanını evə verdim”

“Əvvəllər güləşə marağım çox olub. Amma sonradan küçədə futbol oynamağım bu idman növünə olan həvəsimi artırdı”

Qazandığı nailiyyətləri və göstərdiyi oyunları ilə Azərbaycan futbolu tarixində mükəmməl iz qoyub. 11 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi, 2 dəfə birinciliyin gümüş, 2 dəfə də bürünc mükafatçısı, 2007-ci ildə ölkəmizdə ilin futbolçusu seçilib. O, 22 illik karyerası ərzində heç vaxt zədə və qırmızı vərəqə almayıb. Mahmud Qurbanov 1973-cü il mayın 10-da dünyaya gəlib. Ailədə 6 uşaq olublar. Atası Xanlar kişi toxuculuq, anası isə xalçaçılıq kombinatında işləyib. Valideynləri övladlarının korluq çəkmələrinə heç vaxt imkan verməyiblər. Ailəlidir. Dilbər və Laura adlı iki qızı var.  Beləliklə,  "Adam kimi adam” rubrikasının budəfəki qonağı müasir Azərbaycan futbolunun ən titullu nümayəndəsi Mahmud Qurbanovdur.  Onun "Şərq"ə verdiyi eksklüziv müsahibəsini təqdim edirik:



- Azərbaycanda bir rekord sahibisiniz. Bildiyimiz kimi, 11 dəfə Azərbaycan çempionu olmusunuz. Bu oyunlar arasında ən yaddaqalan oyununuz hansı olub?
- Müxtəlif futbolçularla, məşqçilərlə, komanda rəhbərləri ilə işləmişəm. Hər birinin öz azarkeşləri olur. Ona görə də ayrıseçkilik edib xətirlərinə dəymək istəmirəm. Çünki mənim üçün hamısı əziz olub. Ancaq 1995-ci ildə "Kəpəz" komandasında olduğum dövrdə ilk dəfə çempion olduğum an mənim üçün başqa idi. Birinci dəfə idi qalib olmuşdum deyə, o anlar unudulmaz, başqa hisslərdi. Sonra başqa klublarda da oldum. Amma ən yaddaqalan oyun kimi "Kəpəz"də olduğumu və qalib gəldiyim ilk günü qeyd edərdim. 



- Azərbaycanda hansısa futbolçu sizin bu rekordunuzu yeniləyə bilərmi?

- Təbii ki, bu rekordlar hər zaman yenilənir. Ancaq geci, tezi var. Hələ ki, yenilənməyib, mənim üçün yaxşıdır. (gülür).

- Uşaqlıqdan futbola gəlişiniz necə olub?

- Əksər keçmiş futbolçular kimi uşaqlığım küçə futbolunda keçib. 80-ci illərin əvvəllərində ilk dəfə evimizin yanındakı idman məktəbində futbol kurslarına yazıldım. Sonra  “Kəpəz”ə keçdim. Təbii ki, uşaq futboluna. Futbolun sirlərini Konstantin Abramenkonun rəhbərliyi altında öyrəndim. Oxuduğum məktəbin stadionu var idi. Elə olurdu ki, dərslərdən qaçıb futbol oynamağa gedirdik. Amma pis oxuyan uşaq olmamışam. Dərslərə marağım da çox idi. 

- Uşaqlıqda güləşlə də məşğul olmusunuz. Amma sonra necə oldu ki, futbolu seçdiniz?

- Uşaqlıq dövrünün arzuları başqa cür olur. Düzü, əvvəllər güləşə marağım çox olub. Amma sonradan küçədə futbol oynamağım bu idman növünə olan həvəsimi artırdı. Yəni küçədə adam o qədər  oynayır ki, ona olan maraq daha da artır. Baxmayaraq ki, uşaqlıqda arzularım başqa idi, amma sonra futbolçu olmaq istəyim hər şeyi üstələdi.    

- 22 illik karyeranız ərzində zədə almamısınız. Amma 1995-ci ildə keçirdiyiniz avtomobil qəzası nəticəsində ciddi xəsarət almısınız. Hazırda həmin zədə ilə bağlı hansısa problemləriniz varmı?

- Doğru qeyd etdiniz. Şükürlər olsun ki, futbol meydançalarında 22 illik karyeram ərzində heç vaxt zədə almamışam, onlardan uzaq olmuşam. Ən ağır zədəmi avtomobil qəzasında almışam. 1995-ci il dekabrın 31-də dostumun “Jiquli”sində qəzaya düşdük.  Sinəmdən və qolumdan yaralanmışdım. Həmin zədənin ağrılarını bir neçə illər də çəkmişəm. Onun təsirini illər ərzində həm futbol karyeramda, həm həyatımda, həm də sağlamlığımda hiss etmişəm. Şükürlər olsun ki, indi  heç bir problem yoxdur. Bir də 1996-cı ildə “Neftçi”də oynayanda qasıq nahiyəmdən zədələnmişdim. Amma o qədər də ağır deyildi. Hazırda isə həmin zədə ilə bağlı heç bir problem yaşamıram. Sevinirəm ki, futbol oynayanda ağır zədələrim olmayıb. Yəni özümü qorumuşam, bu özü bir xoşbəxtlikdir. Biz də həmişə deyirlər ki, futbolçu özü-özünə həkim olmalıdır. Bu prinsipə görə, özümə yaxşı qulluq eləmişəm ki, zədələrdən uzaq ola bilmişəm (gülür).

- Hər kəs sizi "professor" ləqəbi ilə tanıyır. Bundan başqa ləqəbiniz var?

- “Tavriya”da çıxış etdiyim vaxtlarda Donetskin “Metallurq”u ilə oynayırdıq. Yaxşı komandaları var idi. Demetradze, Camarauli kimi futbolçular çıxış edirdilər. Həmin vaxt “Metallurq” “Şaxtyor” və “Dinamo”dan sonra Ukraynanın 3-cü ən yaxşı komandası hesab edilirdi. Sevastopolda keçirilən oyunda elə oldu ki, bir hissə ərzində adını unutduğum gürcü hücumçumuzu 4 dəfə qapıçı ilə təkbətəkə çıxardım. Cəmi birindən istifadə etdi. İkinci hissədə Demetradze qapımızdan qol vurdu və oyun 1:1 hesabı ilə başa çatdı. Həmin oyuna kimi Ukraynada məni demək olar ki, tanımırdılar. 45 dəqiqə ərzində “Metallurq” kimi komandanın müdafiəçilərinin arxasına 4 dəfə dəqiq ötürmə vermək əlbəttə, gözəl hal idi. Matçın ertəsi günü jurnalistlər mənə zəng edərək baş məşqçimiz Zayayevin oyun sonrası keçirilən mətbuat konfransında haqqımda dediyi xoş sözlərə münasibət öyrənmək istədilər. İlk dəfə “professor” ləqəbini onlardan eşitmişəm. Daha sonra Ukrayna televiziyasında efirə gedən “Komanda” verilişində onun fikirləri bir daha səsləndirildi. Əlbəttə, məşqçimizin mənim haqqında söylədiyi sözlər adama xoş gəlirdi. Ondan başqa heç bir ləqəbim yoxdur.

- Kəpəzdə hər zaman "7" rəqəmi ilə çıxış etmisiniz. Bu rəqəmin sizin həyatınızla bağlı hansısa özəllikləri varmı?

- Bütün karyeram ərzində klublarda oynayanda, nədənsə, bu "7" nömrə mənə gəlib düşürdü. "Kəpəz"də ilk dəfə bu rəqəmi heç özüm seçməmişdim. O vaxtlar bildiyiniz kimi, 1-dən 11-ə kimi nömrələr verilirdi. Yəni indiki kimi, deyildi ki, kim hansı nömrəni istəyir seçsin. O vaxtlarda elə şeylər yox idi.  Əsas heyətdə 1-dən 11-ə kimi idi. Mənə də "7" düşmüşdü. Sonradan Ukraynadan "Neftçi"yə gələndə bu nömrə Rəşad Sadıqovda idi. O, nömrəni mənə verdi. O bilirdi ki, həmişə "7" nömrə oynamışam. "İnter" klubuna gedəndə Bico var idi, o da verdi. Amma bu nömrəni ilk dəfə 1992-ci ildə çempionatda oynayanda təsadüfən götürmüşdüm. Yəqin, hamı elə o nörmə ilə tanıyıb deyə, ona görə də mənə qismət olub (gülür). Mən uşaq olanda “Kəpəz”də 7 nömrə ilə belaruslu futbolçu oynayırdı. Soyadı Melnikov idi. Minsk “Dinamo”sunun heyətində SSRİ çempionu olmuşdu. Onun oyunu xoşuma gəlirdi. Yəni heç vaxt nömrə arzusunda olmamışam, yalnız "Kəpəz"də oynamağı arzu etmişəm. O vaxtlar "Kəpəz"in usta oyunçuları olub, amma o, yarımmüdafiə mərkəzində oynayırdı. Yalnız bir dəfə - “Neftçi”də olarkən, 17 nömrə altında çıxış eləmişəm. Onda “Neftçi”nin “7 nömrə”si Yunis Hüseynov idi.



- Karyeranız ərzində heç vaxt qırmızı vərəqə almamısınız...

- Bəli, almamışam. Sarı vərəqələrin sayı da az olub. Onlar da sırf oyun epizodu ilə bağlı olub. Heç vaxt kobud oyunçu olmamışam, əsasən mənə qarşı kobud oynayıblar.

- İlk əmək haqqınız nə qədər olub?

- İlk maaşımı 1990-cı ilin noyabrında almışam - 85 rubl. Həmin pulun 15 manatını özümə saxladım, qalanını evə verdim. 15 rubl da komanda yoldaşlarımla bu xoş günü qeyd eləməyimizə xərcləndi. Ondan sonra aldığım pulun əksər hissəsini evə verirdim. Ən çox məvacibi isə “Xəzər-Lənkəran”da oynayanda almışam. 



- Müsahibələrinizin birində qeyd etmisiniz ki, əgər insana bahalı maşınla qiymət verəcəklərsə, heç verməsələr yaxşıdır...

- İnanıram ki, çox insanlar bu fikirlə mənimlə razılaşar. Fikrimcə, insana insanlığına görə qiymət vermək lazımdır. Hansısa bahalı geyimlərə, maşınlara, evlərə görə yox.

- Daha bir fərqli həyatınızın olmasını istəyərdinizmi?

- Təbii ki, xeyr. Arzum uşaqlıqdan futbolçu olmaq olub. Şükür ki, bu sahədə uğurlara imza ata bilmişəm.



- Bu həyatda sizin üçün ən dəyərli olanlar?

-  Təbii ki, ən yaxınlarım və onların can sağlıqlarıdır. Doğrudur, həmişə cansağlığı üstün olub. Pandemiya dövründəyik, ona görə də indiki vaxtda ən üstün amil cansağlığıdır. Bir də mənim üçün vacib olan  insanların bir-birinə qarşılıqlı hörmətidir. Ailəm hər zaman yaxşı günümdə də, pis günümdə də yanımda olublar, mənə dayaq durublar. Həyatda və futbolda qazandığım uğurlarımda onların da əməyi var.