"Bu günlərdə Azərbaycan Prezident cənab İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosu qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirin diqqətinə çatdırıb".
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov öz "Facebook" hesabında yazıb.
İdman ustası qeyd edib ki, dövlətimizin rəhbəri səfiri qəbul edərkən qətiyyətli mövqeyimizi ortaya qoyub:
"Prezident Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini də qəti şəkildə dəstəklədiyimizi diqqətə çatdırıb:
“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin yanındadır”.
Əlbəttə, ölkəmizin başçısı hər zaman Azərbaycanın qeyd-şərtsiz olaraq Türkiyəni dəstəklədiyini ifadə edir. Azərbaycanın Aralıq dənizindəki problemlərdə Türkiyəni dəstəkləməsi Avropa, eləcə də dünya üçün mühüm mesajdır. Bütün dünya bu iki qardaş ölkənin timsalında dostluğun, qardaşlığın ən nümunəvi meyarını müşahidə edir.
Hec kimə sirr deyil ki, bu əlaqələr ilk növbədə məhz tarixi kökdən və qan yaddaşımızdan süzülüb gəlir. Biz bu qardaşlığın, qardaş dəstəyinin hər zaman şahidiyik. Həmçinin qardaş ölkə də Azərbaycanın dəstəyini hər zaman öz üzərində hiss edir. Tarixə nəzər yetirdikdə hələ bir əsr bundan öncə, türk əsgərlərin Bakıya gəlişi və Bakını işğaldan azad etməsi, eyni zamanda azərbaycanlı əsgərlərin Türkiyə uğurunda savaşıb, çanından keçməsi hər kəsə məlumdur. Bu qopmaz tarixi ənənələr indi də ən yüksək müstəvidə davam edir.
Ermənistanın Tovuz, Yunanıstanın isə Şərqi Aralıq dənizində əl atdığı təxribatlarda Azərbaycan və Türkiyənin ən ali səviyyədə bir-birinə necə dəstək ifadə etdiyinin real şahidinə çevrildik. 11 minlik türk ordusu Azərbaycan gəldi. Öz qardaşlarına açıq-aydın dəstək ifadə etdi. Bu dəstək indi də davam edir. Azərbaycan da öz növbəsində Şərqi Aralıq dənizi məsələsində sonacan Türkiyənin yanında olacağını söylədi".
F.Umudov onu da diqqətə çatdırıb ki, bu qardaşlığı, tərəfdaşlığı təkcə hərbi və enerji sahəsində deyil, idman sahəsində görmək mümkündür
"Hətta bu qardaşlıq idmançılarımız arasında da özünü aydın şəkildə büruzə verir. Baxın, dünya idman arenlarında rəqibləri üzərindən qələbə qazanan pəhləvanlarımız öz zəfər sevinclərini bölüşərkən Azərbaycan və Türkiyə bayraqlarını qoşalaşdırıb, başları üzərinə qaldırırlar. Elə bu formada da xalça üzərində dövrə vururlar. Bunun çoxsaylı nümunələri var.
Şübhəsiz ki, Azərbaycan və Türkiyə qardaşlığının bu günədək yaşamasında, inkişında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın olduqca müstəsna xidmətləri var. Eyni zamanda Türkiyə rəhbərliyi də bu qardaşlığa daim can atıb, atır. Bu da Ulu Öndərimiz Heydər Əliyevin dillər əzbərinə çevrilmiş kəlamında dediyi kimi, bizim bir millət iki dövlət olmağımızdan irəli gəlir.
İki bədəndə bir can, Türkiyə - Azərbaycan !