Məsud Özilin “Fənərbaxça”ya transferi tamamlanıb


İstanbulun “Fənərbaxça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsud Özili transfer edib.

 Türkiyənin “ntvspor.net” idman portalı xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək.

Həm “Fənərbaxça” klubunun, həm də Məsud Özilin sosial media hesablarında transferlə bağlı paylaşımlar edilib.

Xatırladaq ki, Məsud Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan M.Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” komandalarında çıxış edib. Futbolçu 2013-cü ildən “Arsenal”ın heyətindədir. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub.