Martın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turun mərkəzi qarşılaşması oynanılıb.
"Emirates" stadionunda baş tutan görüşdə iki London təmsilçisi - "Arsenal" və "Tottenhem" komandaları üz-üzə gəlib.
Gərgin epizodlarla yadda qalan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı qonaqlar açıb. Matçın 33-cü dəqiqəsində Etik Lamela Lukas Mauranın ötürməsindən sonra baxımlı qola imza atıb.
Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış "Arsenal" hesabı bərabərləşdirib. Yeni transfer Martin Edegor fərqlənib.
Fasilədən sonra rəqiblər bir-birinin qapısı qarşısında təhlükəli hücumlar yaradıb. Oyunun 64-cü dəqiqəsində meydan sahibləri hesabda önə keçib. Hakimin təyin etdiyi penaltini Aleksander Lakazatte dəqiq zərbə ilə tamamlayıb.
Oyunun 74-cü dəqiqəsində baş hakim yenidən diqqət mərkəzində olub. Bu dəfə referi oyunda ilk qolun müəllifi Erik Lamelaya ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb.
Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişilməyib. (azərtac)
Beləliklə, görüş "Arsenal"ın minimal hesabla qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xal ehtiyatını 41-ə çatdıran "Arsenal" turnir cədvəlində 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci yerdə qərarlaşıb.