Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
125 kq-da mübarizə aparan Camaləddin Məhəmmədov almaniyalı Gennadi Kudinoviçlə qarşılaşıb.
Rəqibinə məğlub olan Məhəmmədov finala çıxa bilməyib. O, eyni zamanda Tokio olimpiadasına lisenziya şansını da əldən verib. Məhəmmədov bürünc medal uğrunda Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) finala adlayıblar. Yarımfinalda uduzan digər güləşçi İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Təsəlliverici görüşə vəsiqə qazanan Abubakr Abakarov isə Ermənistan təmsilçisi Hovannes Mxitaryanla qarşılaşacaq.
Medal görüşləri martın 19-da keçiriləcək.
18 mart, 22:39
Azərbaycan “Tokio-2020” Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Güləşçimiz Hacımurad Hacıyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya təsnifat turnirinin finalına adlayıb.
Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən H.Hacıyev ilk görüşdə fransız rəqibini “tuşe” ilə mübarizədən kənarlaşdırıb. Millimizin üzvü dörddəbir finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən H.Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Final görüşü martın 19-da keçiriləcək.