Azərbaycan şahmatçısı Teymur Rəcəbov növbəti il keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.
Teymur 2019-cu ildə Dünya Kubokundakı qələbəsinə görə ötən il keçirilməli olan, lakin pandemiyaya səbəbindən bu il başa çatdırılan İddiaçılar Turnirində iştirak etməli idi. O zaman qrossmeyster pandemiyanı əsas gətirərək Rusiyadakı yarışa qatılmaqdan imtina etmişdi. Uzun müzakirələrə səbəb olan bu addım FIDE-nin ona güzəştə gedərək növbəti turnirə vəsiqə verməsi ilə nəticələnib.
Teymurun rəqibləri bu il keçiriləcək Dünya Kuboku, İsveçrə turniri və 2022-ci ildə baş tutacaq FIDE Qran Pri seriyasının finalçıları olacaq. Dünya çempionu norveçli Maqnus Karlsen və şahmat tacına iddiaçı rusiyalı Yan Nepomnyaşi arasında bu ilin noyabrında keçiriləcək görüşdə məğlub olan qrossmeyster də növbəti İddiaçılar Turnirində oynayacaq.
Qeyd edək ki, İddiaçılar və ya Namizədlər Turniri adlanan yarışın qalibi şahmat tacı uğrunda dünya çempionu ilə qarşılaşmağa vəsiqə qazanır.