Uşaqlar depressiyaya düşüb, kökəlirdilər

İdman zallarının açılmasına ən çox Elnur Məmmədli sevinib


Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd olunub ki, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

Sözügedən mövzu ilə bağlı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, idman zallarının açılması vacib idi:

"Mən idman zallarının açılmasını mühüm hadisə hesab edirəm. İdman zallarının açılması insanlarda immun sisteminin qaldırılmasına müsbət təsir edə bilər. Çünki uzun müddətdir ki, uşaqlar evdə oturublar və getdikcə passivləşirlər. Hətta depressiyaya düşür və kökəlirlər. Düzdür, idman zalları əsasən çox qapalı olduğu üçün bu, sağlamlığa təhlükə yarada bilər". 

E.Məmmədli idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu olanların istifadə edə biləcəyi məsələsinə də toxunub:

"İdman edən hər bir kəsdə hərəkət zamanı nəfəsalma impulsivləşir və istər-istəməz çox nəfəs buraxıb, çox nəfəs alır. Bu zaman qapalı yerdə olduğu üçün əgər insan çoxdursa, kimlərinsə vasitəsilə virusa da yoluxma təhlükəsi çoxalır. Kim bilir ki, idman zalına daxil olanların hamısı sağlamdır. Buna görə də bu qərarı dəstəkləyirəm. Hesab edirəm ki, Baş nazirin imzaladığı bu qərar doğrudur. Düzdür, vaksinasiya  müəyyən qədər vaxt alan bir prosesdir. Amma hər bir kəsin peyvənd olunması mütləqdir. Çünki bu virusa qarşı immunitetin formalaşmasında mühüm rol oynayır. Həmçinin bunun sayəsində əvvəlki həyatımıza daha tez qayıda bilərik".