Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib.
Oxu.Az xəbər verir ki, artıq bir boksçumuz mübarizə aparıb.
Olimpiadaya Azərbaycandan ilk lisenziya qazanmış Tayfur Əliyev (-57 kq) gözlənilmədən mübarizəni erkən başa vurub. O, 1/16 finalda Nquyen van Duonqa (Vyetnam) 2:3 hesabı ilə uduzub.
Bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq. Bakı vaxtı ilə saat 14:54-də Lorenso Sotomayor (-69 kq) Əsgərxan Madiyevlə (Gürcüstan), 15:27-də isə Məhəmməd Abdullayev (+91 kq) Denis Lətifovla (Bəhreyn) ilk görüşünə çıxacaq.
Qeyd edək ki, yığmamız Olimpiadaya beş boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək.
Xatırladaq ki, daha əvvəl iki cüdoçumuz və bir velosipedçimiz Tokio Olimpiadası ilə erkən vidalaşıb.