Vüqar Tofiqli: Bu addım seçkiqabağı bələdiyyələrə olan marağın bir qədər də artması məqsədi daşıyır

Bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Qrant haqqında" qanuna yeni dəyişiklik təklif edilib. Dəyişikliyə görə, bələdiyyələr qrant ala biləcək. Sözügedən qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib. Qanunun məqsədi, bələdiyyələrin  maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin  hüquqi əsaslarının yaradılması və tənzimlənməsidir.
Eyni zamanda Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixi artıq məlum olub. Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında seçkilərin 2025-ci il yanvarın 29-na təyin edildiyi bildirilib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a deyib ki, bələdiyyə ilə bağlı qəbul edilmiş qərarı müsbət dəyərləndirmək lazımdır:
"Qanun layihəsi bələdiyyələrə olan bir növ diqqət və qayğıdır. Eyni zamanda onların inkişafına söykənən addımdır. Bu addımın atılması seçki öncəsi həm də bələdiyyələrə olan marağın bir qədər də artması məqsədini daşıyır. Prosesin icrası, hansı formada və məzmunda öz həllini tapacağı maraqlıdır. Həmçinin bura layihənin həyəta keçirilməsinə hansı orqanın nəzarət edəcəyi, bələdiyyələrin öz layihələrini kimlərə təqdim edəcəyi kimi suallar yaranır və suallara cavab tapılmalıdır. Qanunun qəbul edilməsi ilə yanaşı, bütövlükdə proseslə bağlı ola biləcək normativ-hüquqi sənədlər də öz əksini tapsa, Azərbaycan bələdiyyəsi də müsbət effektlər verəcək. Həm də bələdiyyələrin inkişafına müsbət təsir göstərmiş olacaq".

Ekspertin fikrincə, bələdiyyə seçkilərinin müsbət keçməsi biz seçicilərdən də asılıdır:
"Gərək biz elə namizədə səs verək, dəstəkləyək ki, həmin adam da bacarığı, işgüzarlığı və fəaliyyəti ilə bizim qaldırdığımız bütün məsələləri yuxarı instansiyalara qaldırmağa və onun həllinə nail olsun. Ona görə də seçkilərdə seçicilərin üzərinə məsuliyyət yükü düşür. Bu mənada vaxtilə bələdiyyələrin müəyyən mənada neqativ olmasında seçicilərin də günahı var. Artıq qarşıdakı seçkilərdə seçici fəallığı müşahidə olunacaq. 685 bələdiyyədə sayılan, öz ərazisində müəyyən hörmətə, çəkiyə, nüfuza sahib olan insanlar seçiləcək. Nəticədə də bələdiyyələr və seçicilərin üzləşdiyi problemlərin sürətlə həllinə təkan vermiş olacaq".