Arktika bölgəsi qlobal güclər arasında artan geosiyasi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib. İqlim dəyişiklikləri, yeni nəqliyyat marşrutlarının açılması və zəngin təbii ehtiyatlar bu regionun strateji əhəmiyyətini daha da artırır. Bu kontekstdə Qrenlandiya məsələsi yenidən beynəlxalq gündəmin ön sıralarına çıxıb. ABŞ-nin milli təhlükəsizlik prioritetləri, Rusiya və Çinin Arktikadakı fəallaşması, eləcə də Vaşinqton ilə Avropa müttəfiqləri arasında yaranan fikir ayrılıqları Qrenlandiyanı qlobal güc balansını müəyyən edən geosiyasi faktor kimi ön plana çəkir.
Hadisələrin fonunda Fransa Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Pyer de Vilye deyib ki, NATO ölkələri ABŞ-nin Qrenlandiyanı ələ keçirmək üçün mümkün hərbi əməliyyatı zamanı təşkilatın nizamnaməsinin 5-ci maddəsinə istinad etməyəcək.
Həmçinin o, NATO-ya üzv olan digər ölkələrin ABŞ-yə qarşı heç bir müharibə aparmayacağını bildirib.
Generalın fikrincə, beynəlxalq təşkilatların tənzimlədiyi əvvəlki dünya nizamı öz yerini güc qanununa verib.
Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında Qrenlandiya məsələsinin ABŞ-nin milli təhlükəsizliyi baxımından mühüm faktor hesab olunduğunu söyləyib:
"1946-cı ildə-Ruzvelt dövründə ABŞ Qrenlandiyanın alınması məsələsi gündəmə gətirdi. Həmin vaxt Vaşinqton Qrenlandiya üçün o dövrün dəyəri ilə təxminən 100 milyon dollar təklif etdi.
Hazırkı şəraitdə isə Qrenlandiya Çinin və Rusiyanın artan təhdidləri fonunda, həmçinin ABŞ-nin "qızıl çətir” (raketdən müdafiə) proqramı kontekstində Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir. Bu proqram çərçivəsində Kanada da nəzərə alınır. Şimal istiqamətindən ABŞ-nin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan bu “qızıl çətir” layihəsinin ümumi dəyəri təxminən 100 milyard dollar civarındadır. ABŞ-nin bu proqramı həyata keçirmək niyyətində olduğu və bu kontekstdə Kanada ilə Qrenlandiyanı öz təhlükəsizlik sisteminə daha sıx inteqrasiya etmək istədiyi bildirilir.
Mövcud məlumatlara görə, ABŞ-nin Qrenlandiyanın alınması üçün təxminən 700-750 milyard dollar məbləğində təklifi müzakirə etdiyi söylənilir. Həmçinin onun əlavə olaraq adada yaşayan hər bir vətəndaşa 10-40 min dollar arası birdəfəlik maddi yardım nəzərdə tutduğu iddia olunur. Bu məsələ Avropa İttifaqına və NATO-ya üzv dövlətlərlə, xüsusən də Danimarka ilə münasibətlərin kəskinləşməsinə səbəb olub. Qrenlandiyanın ABŞ-yə verilməsinə Danimarkanın razılıq verməməsi fonunda Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa dövlətləri əsasən Danimarkanın mövqeyini dəstəkləyirlər".
Politoloq məsələnin ABŞ-nin istədiyi istiqamətdə həll oluna biləcəyini vurğulayıb:
"ABŞ-dən hərbi müdaxilə gözlənilmir. Daha çox yumşaq güc, iqtisadi və siyasi təsir mexanizmləri vasitəsilə Qrenlandiyanın Vaşinqtonun təsir dairəsinə daxil edilməsi ehtimal edilir. Qeyd edək ki, Danimarka hər il öz büdcəsindən Qrenlandiyaya təxminən 75-80 milyon avro həcmində maliyyə dəstəyi ayırır. Bundan başqa, 1951-ci ildən etibarən ABŞ-nin Qrenlandiyada hərbi bazası fəaliyyət göstərir. ABŞ bu bazanı genişləndirmək istəyir. Lakin Danimarka və Qrenlandiya qanunvericiliyi səbəbindən bunun üçün Danimarka hökumətinin razılığı tələb olunur və məhz bu məqamda problemlər yaranır.
Məlum olduğu kimi, XX əsrin 50-60-cı illərində Danimarka hökuməti Qrenlandiyanın yerli, aborigen əhalisinə qarşı ciddi hüquq pozuntularına yol verib. Xüsusilə yerli qadınların məcburi sterilizasiyası ilə bağlı proqramlar həyata keçirilib ki, bu da əhalinin artımının qarşısını almağa yönəlib. ABŞ-nin gələcəkdə bu məsələni siyasi alət kimi gündəmə gətirə biləcəyi ehtimal olunur".
Analitik ABŞ ilə Avropa dövlətləri arasında strateji baxış fərqlərinin getdikcə artdığını qeyd edib:
"ABŞ artıq Qrenlandiya məsələsində Danimarkanın mövqeyini dəstəkləyən Avropa dövlətlərinə qarşı müəyyən iqtisadi addımlar atıb. Belə ki, ABŞ-yə idxal olunan Avropa məhsullarına 10% gömrük rüsumu tətbiq edilib. Bu rüsumun iyul ayından etibarən 25%-ə qaldırılacağı bildirilir. Yaranan iqtisadi və geosiyasi qarşıdurmada ABŞ qələbə çalacaq".