"Əcnəbilərə sərf edilən pul, əmək öz kadrlarımıza yönəlməlidir”
Yaponiyanın paytaxtı Tokioda növbəti Olimpiya Oyunları davam edir. Azərbaycan dünyanın ən ali idman yarışında müxtəlif növlər üzrə ümumilikdə 44 idmançı ilə təmsil olunur. Lakin təəssüf ki, ötən üç gün ərzində heç bir nəticəmiz olmayıb. Özlərini sınayan atletlərimizdən heç biri bizi sevindirə bilməyib.
“Qol.az” saytının baş redaktoru, Əməkdar jurnalist Aydın Bağırov sözügedən uğursuzluğu “Sherg.az”a şərh etdi:
“İndiyədək 19 idmançımız özünü sınayıb. Onlardan 16-sı mübarizəni erkən dayandırıb. Mən xüsusilə cüdoçumuz Rüstəm Orucovdan, toekvondoçumuz Milad Herçaqanidən və boksçumuz Lorenso Sotomoyordan medal gözləyirdim. Təəssüf ki, onlar ümidlərimizi doğrultmadılar. Lakin pessimist deyiləm. Hələ xeyli idmançımız yarışlara qoşulmayıb. Məlum olduğu kimi, adətən güləşçilərimiz belə mötəbər yarışlarda bizi daha çox sevindirirlər. Güləşçilərimizin fəxri kürsüyə qalxacağına inanıram. Medalın əyarını isə onların hazırlıq səviyyələri müəyyən edəcək”.
A.Bağırov, həmçinin dedi ki, bu, federasiyalar üçün SOS siqnalı olmalıdır:
“Çıxışından göründü ki, Rüstəm Orucov psixoloji cəhətdən də hazırlıqlı deyildi. Lorenso Sotomoyor Rio olimpiadasından sonra daha çox intizamsız davranışları ilə yadda qalıb. Həmçinin Herçaqani də lazımi səviyyədə deyildi. Ümumiyyətlə, indiyəqədərki mənzərəyə əsasən deyə bilərik ki, olimpiadaya hazırlıq arzuolunan qədər aparılmayıb. Tokio olimpiadası legioner siyasətinin yanlış olduğunu göstərdi. Federasiyalar bundan nəticə çıxarmalıdır. Əcnəbilərə sərf edilən pul, əmək öz kadrlarımıza yönəlməlidir”.