Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev tələbəsi, İstanbulda keçirilən eşitmə və danışma əngəlli güləşçilərin dünya çempionatında medallar qazanan Xanhüseyn Abışovun Sərhədçi İdman Olimpiya Kompleksinin (SİOM) yeni güləş zalında təltif olunması ilə bağlı paylaşım edib.
O, həm yaradılan şəraitə görə, həm də təltifetməyə görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkürünü bildirib.
DSX zabiti olan R. Çunayev idmançısının uğurunda SİOM-un xüsusi rolunun olduğunu da qeyd edib. Titullu idmançı SİOM rəisi polkovnik Elşən Mirzəyevə, SİOM rəis müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudova təşəkkürlərini çatdırıb:
“Xanhüseynin qazandığı qələbələrdə Sərhədçi İdman Olimpiya Mərkəzinin xüsusi dəstəyi var. Bizim, eləcə də gənclərimizin hazırlıq mərhələləri məhz bu mərkəzin yeni istifadəyə verilən güləş zalında baş tutub. Biz də öz növbəmizdə daha yüksək nəticələr qazanmaq naminə dayanmadan əzmlə məşqlərə davam edəcəyik”.