Tokio-2020: 17 idmançı mübarizəni dayandırıb

Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayıb.
81 kq çəki dərəcəsində yer alan Fətiyev 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi. Rəqibi qarşılaşmaya çıxmadığı üçün Azərbaycan cüdoçusuna texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayiyə uduzaraq, olimpiadada çıxışını medalsız başa vurub.
Bununla da Tokio-2020-də mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 17-yə çatıb.
L qrupunda qərarlaşan Dviçayo isə ilk görüşündə vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb. Görüş Dviçayonun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Onun qrupda növbəti görüşü iyulun 28-də danimarkalı Anders Antonsenə qarşı olacaq.
Qeyd edək ki, ilk üç yarış günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb.