Azərbaycanda idmanın inkişafı üçün bir sıra mühüm addımlar atılır və bu yöndə görülən işlər İlbəil daha geniş vüsət alır. Prezident İlham Əliyevin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Ölkə başçısının idmana xüsusi önəm verməsinə nümunə kimi aprelin 8-də Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etməyini də göstərə bilərik.
Millimizin üzvləri ilə bir masa arxasına əyləşən Azərbaycan lideri əminliklə bildirib ki, Azərbaycan gələcək yarışlarda birinci sıralarda olacaq:
"Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik. Çünki Olimpiya Oyunları, Yay Olimpiya Oyunları bütün idman yarışları arasında əlbəttə ki, xüsusi yer tutur, fərqlənir. Bütövlükdə növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. İndidən bir şey deyə bilmərəm, çünki hələ iki il vaxt var, amma gərək bütün səylərimiz məhz bu məqsədə çatmaq üçün hesablansın".
İdmançılarla görüşü "Sherg.az"a şərh edən İdman Araşdırmalar Mərkəzinin sədri və "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin redaktoru Elşən Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev son üç həftə ərzində ikinci dəfə onlarla görüşüb:
"Birinci görüşdə yalnız 23 yaşadək sərbəst güləşçilər iştirak edirdilərsə, bu dəfə qəbula böyüklərdən ibarət həm sərbəst, həm də yunan-Roma güləşçiləri qatılmışdı. Amma hər iki halda bir səbəb vardı: Azərbaycan milli komandaları Ali Baş Komandanla toplantıda Avropa çempionları kimi kubok və medallarla gəlmişdilər.
Təbii , böyük nailiyyət, böyük uğurdur. İdman zəfəri ilə yanaşı, həmçinin siyasi qələbə kimi qiymətləndirmək olar. Güləş Azərbaycanın milli idman növüdür, ölkəyə ən çox və yüksək nailiyyətli pəhləvanlar qazandırıb. Yaxın keçmişdə sözügedən növdə durğunluq, hətta hərc-mərclik hökm sürsə də, tezliklə son qoyuldu. Artıq vəziyyətin stabilləşməyə doğru və artan xətt üzrə davam etdiyini söyləyə bilərik. Tempi qorumaqdan ötrü daimi nəzarətə, diqqətə ehtiyac var. Ona görə də Prezidentin güləşə xüsusi diqqət göstərilməsinin vacibliyinə dair Gənclər və İdman Nazirliyinə tapşırığı tam məqsədəuyğundur. Digər növlər də güləş qədər uğurlu olmaq istəyirlərsə, daha çox işlər görülməli, müvafiq federasiyalar çatışmazlıqları aradan qaldırmalıdırlar".
E.Məmmədovun sözlərinə görə, İlham Əliyevin çıxışındakı daha bir məqam 44 günlük Vətən müharibəsində olduğu kimi, idmanda da nailiyyətlərin ədalətli olmasını, düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməyin vacibliyini vurğulamasıdır:
" Biz daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun timsalında hadisəni görmüşdük. O, komandasının Fransa "Marsel"i ilə Bakıdakı görüşdə vurduğu qolu qaydalara uyuşmadığını bildirərək, ləğv etdirmişdi. Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında isə Ermənistan güləşçisi Hraçya Poqosyan Azərbaycan pəhləvanı Taleh Məmmədova uduzmasını həzm edə bilməyərək, onu təxribata çəkməyə səy göstərirdi. İstəyirdi ki, Məmmədov da cavab versin və nəticədə döşək üzərində dava düşsün. Amma Azərbaycan güləşçisi düşmən təxribatına uymadı və onun cavabını elə idman prinsipləri əsasında verdi".
Ekspert dövlət başçısının millimizin üzvləri ilə görüşünü müsbət hadisə kimi dəyərləndirib:
" Artıq hər sahədə olduğu kimi, idmanda da qalib xalq ruhu aşılanmaqdadır. Dövlət başçısının fikirləri, məsləhətləri isə mühüm rol oynayır. İndi digər növlər üzrə federasiyalar da lazımi dərs çıxarmalı, Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda bütün yarışlardan kənarlaşmasının verdiyi üstünlükdən də bəhrələnərək, nəinki bölgədə, hətta Avropada üstün mövqelərə yiyələnməlidir".