“Uğurlarımızın davamlı olmasını istəyirik ki, nəticədə, bizə göstərilən etimadı layiqincə doğruldaq”
“Sərhədçi” peşəkar idman klubunun voleybol komandası “Bakı Kuboku”nun qalibi adını qazanıb.
“Sərhədçi”lər finalda “Azərreyl” komandasını 2-0 hesabı ilə məğlub edib.
İlk partiyada rəqibini 25-13 hesabıyla üstələyən “Sərhədçi” həlledici hissədə də təşəbbüsü əldən verməyib.
2-0 qələbə sayəsində “Sərhədçi” yarışın ali mküfatına yiyələnib.
Qalib və mükafatçılara medalları Voleybol Federasiyanın vitse prezidenti Əbülfəz Hüseynov, Dövlət Sərhəd Xidmətinin polkovniki, “Sərhədçi” peşəkar idman klubunun prezidenti Firdovsi Umudov, “Sərhədçi” Olimpiya kompleksinin rəisi, polkovnik Elşən Mirzəyev təqdim ediblər.
Klubun prezidenti Firdovsi Umudov bildirib:
"Komandamız yeniyetmə və gənclərdən ibarətdir. Çünki Dövlət Sərhəd Xidməti tərəfindən qarşımıza tapşırıq qoyulub. Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyevin tapşırığına əsasən, gənc qızlardan ibarət yığma komanda formalaşdı. Qısa müddətdə komandanı formalaşdırdıq.
Bu gün komandamız çempion oldu. Ölkəmizdə idmana, idmançılara böyük diqqət və qayğı göstərilir. Cənab Prezident İlham Əliyev, eləcə də, ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyeva idmana yüksək səviyyədə dəstək verirlər. Təkbətək idman növlərindən əlavə kollektiv idman komandalarında da hər zaman uğurlarımız olub. İstəyirik ki, gənc olmaqlarına rəğmən böyük nailiyyətlər qazansınlar.
Final görüşündə qızlarımız əzmkarlıq göstərib nailiyyət əldə etdilər. Uğurlarımızın davamlı olmasını istəyirik ki, nəticədə, bizə göstərilən etimadı layiqincə doğruldaq”.
Daha sonra qalib komandanın baş məşqçisi Vüqar Əliyev kollektiv qarşısına qoyulan hədəflərdən danışıb:
“ Keçən il çempionat keçirildi, 4 komanda var idi. Hamısı Azərbaycanın oyunçuları idi. “Sərhədçi” voleybol klubu təzə yaranıb. Ötən ildən işə başlamışıq. Hər biri gənc qızlardır. Çalışaq ki, bu qızlar milli komandaya cəlb olunsunlar və Azərbaycan bayrağını yüksəkdə dalğalandırsınlar”.
Qeyd edək ki, “Bakı Kuboku” uğrunda yarışda qızlardan ibarət 11 komanda mübarizə aparıb.